Müvafiq qurum hansı qərarla qanunsuz tikilini sökə bilər? - RƏYLƏR

29 Oktyabr 2024 14:03 (UTC+04:00)

Qanunsuz tikinti tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir. Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. İndi vətəndaşlar üçün maraqlıdır ki, qanunsuz tikililər hansı halda sökülə bilər? Ümumiyyətlə, müvafiq qurum hansı qərarla qanunsuz tikilini sökə bilər? SİA mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev və hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrənib.

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev: "Özbaşına tikinti dedikdə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak nəzərdə tutulur.

Özbaşına tikinti və onun nəticələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi ilə tənzimlənir. Qanunun normasına əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin sökülməsi isə Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Belə ki, bu məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, həmçinin müvafiq icazə olmadan aparıldığına görə və ya və aşkarlanmış pozuntlara görə tikinti işləri dayandırılıbsa, qanunvericilikdə müəyyən olunmuş müddətdə müvafiq icazə alınmazsa və ya pozuntular aradan qaldırılmazsa, tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilir".

Hüquqşünas Əkrəm Həsənov: "Atadan qalan boş torpağın çıxarışı varmı, yoxmu, ona baxmaq lazımdır. İkincisi, oğul vərəsə kimi torpağı öz adına keçiribmi? Ola bilər ki, ondan başqa digər qardaşları, bacılar olsun. Bundan sonra artıq tikinti məsələsinə gəlib çıxırıq. Tikintinin də şəhərsalma məcəlləsinə görə qaydaları var. Müəyyən metrə, hündürlüyə qədər yalnız məlumat verib tikirsə, müəyyən hündürlükdən yuxarı olanda icazə almalısan.

Amma hər bir halda qanunsuz olduğunu deyirlərsə, yəqin ki, nə isə qaydasında getməyib. Hər bir halda vətəndaş haqlıdırsa, o zaman məhkəməyə getmək olar. Haqlı deyilsə, qanuna tabe olmalı və evi sökməlidir".