Hər şey 1 stəkan suyu içəndən sonra başladı - ŞİKAYƏTÇİ DANIŞDI

29 Oktyabr 2024 12:00 (UTC+04:00)

Dünən sosial şəbəkələrdə “Badamlı” suları haqqında şikayət yayılmışdı. Şikayətçi, bunları bildirib: “Şikayətim “Badamlı” sularındandır. Axrıncı dəfə sifariş etdiyim suyu içdikdən sonra (1 stəkan) evdə hər kəsdə yüngül qarın və mədə ağrıları yarandı, hətta evdə pişik saxlayırıq və onun da qabına bu sudan tökmüşəm. Suyu içəndə qəribə bir dad və iy hiss etdim. Düşündüm yəqin məndən əvvəl bu stəkanda nəsə içilib, ola bilər iy qarışıb və s. Təsəvvür edin, evdə övladlarım da suyu içən vaxtı həmin iyi hiss ediblər və mənim kimi düşünüblər ki, yəqin stəkandan iy gəlir. Hər şey 1 stəkan suyu içəndən sonra başladı. Yenidən başqa stəkana su süzüb baxıram ki, su bildiyiniz krant suyudur”.

SİA mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik.

Onun sözlərinə görə, su yaradanın möcüzəsidir: “Su yeganə maddədir ki, qoxusu və rəngi yoxdur. 3 aqreqat halda olur: Kristal, maye və buxar. Yəni çox müəmmalı bir maddədir.

Suyun qeyri-adiliyindən istifadə edən su istehsalçıları və filterçiləri ən müxtəlif yollara əl atırlar. Yəni suyu insanlara hər bir variantda sırıyırlar.

Bu yazılan barədə mənə telefon zəngləri daxil olur. Lakin nümunələri hələ gətirib verməyiblər. İstisna olunmur ki, böyük balonlarda evə çatdırılan sularda qarışıqlıq olsun.

Krant suyundan bir stəkan içən kimi orqanizmdə problem yaratması çox da inandırıcı deyil. Ola bilsin ki, həmin şəxsə gətirilən su partiyasında ciddi çirklənmə var. Yaxud mənbəyi doğrudan da “Badamlı” deyil. Belə halda 1003 Qaynar Xətti ilə AQTA-ya müraciət etməyi məsləhət görürəm”.

Ayşən Vəli