"Avropa Azərbaycana qarşı "səlib yürüşləri"nə başlayıb" - MÜNASİBƏT BİLDİRİLDİ

29 Oktyabr 2024 11:28 (UTC+04:00)

"Avropa Parlamenti yenə də Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının, beynəlxalq hüququn pozulması ilə bağlı və Ermənistanla münasibətlərlə bağlı qətnamə qəbul edib: "Bu qətnamə başdan-ayağa qarayaxmadır, guya, Azərbaycanda insan hüquqlarının pozulmasını qeyd edirlər. 30 il müddətində Azərbaycan torpaqları işğal altında qalanda Ermənistana qarşı qətnamə qəbul olunmadı, ancaq Azərbaycanı günahlandırdılar ki, sülh müqaviləsini bağlamağı yubadır. Guya, siyasi dustaqların olmasını bildirirlər. Ola bilsin ki, əsassız tutulanlar var, onu Hüquq Mühafizə Orqanları bilir. Əgər onlar həbs olunubsa, onlar haqqında qərarı məhkəmə verə bilər. Qanunun aliliyi budur. Ancaq onlar müdaxilə edirlər ki, bizdə belə məsələlər var. Bununla bağlı da Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri P. Mixalkonu çağırdı. Ona bu cür halların baş verməsinin əsassız olması bildirildi. Eyni zamanda qarşı tərəfə etiraz notası təqdim olundu".

"Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra Avropa Fransanın təşkilatçılığı ilə Azərbaycana qarşı "səlib yürüşləri"nə başlayıb. Azərbaycanı hər yerdə ləkələməyə, qarayaxma etməyə çalışırlar. Bəzi ölkələrin müəyyən deputatları onların təsirinə düşür. Azərbaycanla bağlı belə qətnamələr qəbul edirlər. 30 il müddətində torpaqlarımız işğal altında olanda onlar bizim başımızın altına yastıq qoymaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər. Söyləyirdilər ki, artıq məsələ həll olunub, bunun üçün yenidən müharibə etmək lazım deyil. Onların fikirləri bu idi. Ancaq Azərbaycan xalqı, dövləti və ordusu Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək vahid şəkildə torpaqlarını azad etdi. Bu da Avropadakı anti-Azərbaycan ünsürləri qane etmir. Ona görə də, əllərinə imkan düşəndə Azərbaycana yalançı qarayaxmalar etməyə çalışırlar. Bu da beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan öz işlərində ancaq BMT-nın nizamnaməsinə, beynəlxalq hüququn normalarına uyğun işlər aparır. Ona görə də onların belə adamları əsassızdır" - deyə o, əlavə edib.