Qırğızıstanda VIII Türkiyə Filmləri Həftəsi

28 Oktyabr 2024 20:47 (UTC+04:00)

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VIII Türkiyə Filmləri Həftəsi “Nəfəs al: Yer mənfi iki” filminin nümayişi ilə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Bişkekdə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Qırğızıstandakı səfirliyi, Qırğızıstan-Türkiyə Manas Universitetinin töhfələri və Yerli Düşüncə Dərnəyinin koordinasiyası ilə Park AVM-də film həftəsinin açılışı olub.

Açılışda Türkiyənin Bişkekdəki səfiri Əhməd Sadık Doğan, Yerli Düşüncə Dərnəyinin sədri Metin Gündoğdu, Türkiyə Filmləri Həftəsinin baş koordinatoru Öner Kılıç, ölkədəki bir sıra qeyri-hökumət təşkilatlarının sədrləri, Türkiyə və Qırğızıstan kino rejissor və aktyorları iştirak ediblər.

Türkiyədən prodüser Mustafa Cihat Durmuş, rejissorlar Mustafa Uğur Yağcıoğlu və Emre Kavuk, aktyorlar Bestemsu Özdemir, Lətif Koru, Tuğba Dokuzlar, Aslıhan Karalar, Yağız Can Konyalı və Yasin Çam tədbirdə olub.

Buradakı çıxışında Türkiyə səfiri M.C.Doğan türkiyəli rejissor və sənətçilərin Qırğızıstana gəlişindən məmnunluğunu ifadə edərək deyib: “Sənətsevərlərə kino həftəsindən tam zövq almağı tövsiyə edərdim. Kino sənəti iki ölkə arasında dostluq və qardaşlıq körpüsüdür”.

Yerli Düşüncə Dərnəyinin sədri M.Gündoğdu filmsevərlərin 5 gün ərzində 5 Türkiyə filmi izləmək şansı qazandıqlarını bildirib: “8-ci Türk Filmləri Həftəsində “Rafadan Tayfa 4 – Hayrimator” cizgi filmi ilə yanaşı, “An”, “Daha yaxşı bir sabah”, “Həyatla barış” və “Nəfəs: Yer mənfi iki” filmləri nümayiş olunacaq.

Qırğızıstan Mədəniyyət, İnformasiya və İdman Nazirliyi Kino Departamentinin direktor müavini Maratbek Asanaliyev bu il 8-ci dəfə keçirilən Türkiyə Filmləri Həftəsinin Türkiyə tarixi və mədəniyyətini yaxından tanımaqda mühüm rol oynayacağını vurğulayıb.

Açılış tədbirinin sonunda türkiyəli prodüser, rejissor və aktyorlar səhnəyə dəvət olunub, təşəkkür fəxri diplomları təqdim edilib və onlara qırğız milli talisman və paltarları geyindirilib.