"Seçkilər kifayət qədər hüquqi və ədalətli formada həyata keçirilib" - MÜNASİBƏT BİLDİRİLDİ

28 Oktyabr 2024 15:41 (UTC+04:00)

"Özbəkistanda keçirilən parlament seçkiləri yüksək demokratik və şəffaflıq şəraitində həyata keçirilib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, artıq seçkilərin ilkin nəticələrindən belə demək olar ki, seçicilərin yüksək fəallığı ilə müşahidə olunub: "Təxminən 71-72% insan seçki məntəqələrinə gələrək öz siyasi iradələrini nümayiş etdiriblər. Seçkilərin gedişini bir çox beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatından, Şanxay Əməkdaşlıq və İslam Əməkdaşlıq təşkilatının ekspertləri, müşahidəçiləri yaxından izləyiblər. Ümumilikdə seçkilərdə iştirak edən müşahidəçilərin ilkin rəyinə görə seçkilər demokratik və şəffaf, ədalətli şəkildə həyata keçirilib. Seçkilərdə beş partiya iştirak edib. Səsvermələrin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyib.

Ümumiyyətlə, hər bir seçki istənilən ölkənin, cəmiyyətin, xalqın inkişafında, ölkənin gələcək iqtisadi və siyasi müqəddəratını daha da inkişaf etdirmək istiqamətində bir addımdır. Hesab edirəm ki, Özbəkistanda keçirilən parlament seçkilərinin nəticələri yaxın günlərdə açıqlanacaq. Məlumdur ki, xalqın iradəsi ilə parlamentdə təmsil olunacaq insanlar gələcəkdə Özbəkistan dövləti, xalqı üçün öz mühüm töhfələrini vermiş olacaqlar.

Özbəkistanla Azərbaycan arasında daim dostluq və qardaşlıq münasibətləri vardır. Azərbaycandan olan ekspertlər də, müşahidəçilər də bu seçkiləri yaxından izləyirdilər. Seçkilərin nəticələri olaraq yenə də qeyd etmək lazımdır ki, seçkilər kifayət qədər hüquqi və ədalətli formada həyata keçirilib".