"Uzun illərdir ki, ölkəmizdə benzin qurğuşundan təmizlənib" - MÜNASİBƏT BİLDİRİLDİ

28 Oktyabr 2024 14:46 (UTC+04:00)

“Atmosferin avtonəqliyyat vasitələrinin havaya buraxdığı tullantılardan azad olunmasında elektrik maşınlarının rolu böyükdür. Maşının tüstüsü, hətta bəzi ölkələrdə benzinin qurğuşun tərkibli olması havanı xeyli dərəcədə çirkləndirirdi. Düzdür, ölkəmizdə uzun müddətdir ki, benzin qurğuşundan təmizlənir. Amma istənilən halda vaxtilə uzun müddət qurğuşunlu benzindən istifadə olunub”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, qurğuşun isə parçalanmayan ağır elementdir və insan səhhətinə ciddi ziyan vura bilər. Həmçinin qurğuşunun suda və ya havada toplanması da mümkün haldır. Təbii ki, qurğuşunla yanaşı insana həddindən artıq ziyan olan başqa elementlər də mövcuddur. Qurğuşun bioloji dövriyyəyə də qoşula bilir. Buna görə də qurğuşun insan orqanizmi üçün olduqca təhlükəli hesab olunur və artıq uzun illərdir ki, ölkəmizdə benzin qurğuşundan təmizlənib.

Hazırda isə ekoloji baxımdan təmiz hesab olunan elektrikli avtomobillər dəbdədir. Bir çoxları həmin avtomobilləri ekologiya və insan orqanizmi üçün tam zərərsiz hesab edir. Amma bilmək lazımdır ki, təbiətdə heçnə öz hesabına formalaşmır. Belə ki, avtomobillərdə istifadə olunan elektrikin böyük bir hissəsi istilik elektrik stansiyalarında istehsal olunur və həmin stansiyalar da təbiəti az çirkləndirmir. Yəni, istənilən halda insan yaşayırsa bu və ya digər halda təbiətə müəyyən fəsadlar verir. Bunun əksi mümkün deyil. Tədqiqatlar davam etdirilir və gələcəkdə sudan əldə edilmiş hidrogenlə istehsalın mümkün olacağı bildirilir. Təbii ki, həmin prosesin də öz problemləri olacaq. Ümumilikdə isə hazırda elektrik avtomobillərinin təbiətin qorunmasındakı rolu əvəzsizdir”.