Lənkərandakı tarixi qala bərpa ediləcək

28 Oktyabr 2024 14:45 (UTC+04:00)

Lənkəran şəhərində yerləşən Dairəvi qala bərpa ediləcək. SİA bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hazırda bərpa prosesi ilə bağlı layihə-smeta sənədləri hazırlanır.

Xatırladaq ki, Zindan qalası kimi tanınan Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Qalanın oxşarı olan ikinci tikili Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.