İsrail BMT-yə aid məktəbi üçüncü dəfə bombaladı - çoxlu ölü və yaralı var

28 Oktyabr 2024 10:31 (UTC+04:00)

İsrail ordusunun Qəzzada qaçqınların sığındığı məktəbi üçüncü dəfə bombalaması nəticəsində 11 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan "WAFA"nın məlumatına görə, İsrail döyüş təyyarələri Birləşmiş Millətlər Təşkilatının (BMT) Yardım və İşlər üzrə Agentliyinə bağlı Qəzza şəhərinin qərbində yerləşən Əl-Şati Qaçqınlar Düşərgəsində köçkünlərin sığındığı "Əsma"ya hücum edib.

Həkimlər hücumda 11 nəfərin öldüyünü, təxminən 20 nəfərin yaralandığını, yaralıların Şifa və Əl-Ehli Baptist xəstəxanalarına aparıldığını bildirib. İsrail döyüş təyyarələri iyunun 7-də və oktyabrın 19-da "Əsma" məktəbini bombalayıb. Hücum nəticəsində 10-dan çox adam ölüb, onlarla insan yaralanıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda təxminən 17 min 210-u uşaq, 11 min 742-si qadın olmaqla 42 min 924 fələstinli həyatını itirib, 100 min 833 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.