Kosmosa səyahət biletləri artıq satışdadır

28 Oktyabr 2024 10:13 (UTC+04:00)

Çinin "Deep Blue Aerospace" şirkəti 2027-ci ildə suborbital ekspedisiyası üçün hər biri 1,5 milyon yuana (210 min dollar) iki bilet satıb. Sərnişinlərə 5 dəqiqəlik çəkisizlik təcrübəsi təklif olunacaq. Gələn ay daha çox biletlərin satışı planlaşdırılır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çində bir kosmos və aviasiya şirkəti 2027-ci il üçün planlaşdırılan kosmik turizm ekspedisiyasının biletlərini satışa çıxarıb.

Milli mətbuatda yer alan xəbərlərə görə, dünən axşam "Taobao" e-ticarət saytında hər biri 1,5 milyon yuana (210 min dollar) iki bilet satılıb. Qərargahı Çinin Jiangsu əyalətində yerləşən "Deep Blue Aerospace" adlı şirkət ölkədə kosmos turizmi satan ilk şirkət olub.

2027-ci ildə raketlə suborbital ekspedisiya təşkil etməyi qarşısına məqsəd qoyan şirkət, planlaşdırılan bu ekspedisiyanın ən azı 5 dəqiqəsində sərnişinləri atmosferdən kənarda kosmosa daşıyaraq çəki hissini itirmələrini təmin edəcəyini vəd edir. 12 dəqiqə davam edəcək. Suborbital ekspedisiyanın xüsusi kosmik təyyarə ilə deyil, raketlə həyata keçirilməsi şirkətdən yaxın iki il ərzində bir çox pilotsuz uçuş sınaqları keçirməyi tələb edəcək. Yenidən istifadə edilə bilən raket texnologiyasının köməyi ilə bu cür kosmosa səyahətlərin gələcəkdə xeyli ucuzlaşacağı proqnozlaşdırılır. Şirkət gələn ay ekspedisiya üçün daha çox bilet satmağı planlaşdırır.