Şimali Koreya xüsusi təyinatlıları əslində xüsusi təyinatlılar deyil...

28 Oktyabr 2024 00:24 (UTC+04:00)

...Rusiya Şimali Koreya ordusundan hərbi əməliyyatlarda birbaşa iştirak üçün deyil, daha çox logistik əməliyyatlar üçün istifadə edə bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, professor Mark Qaleotti “The Times” üçün materialda təklif edir ki, rus əsgərləri özləri cəbhə xəttinə göndəriləcək.

O qeyd edir ki, “fırtına korpusu” kimi tanınan Şimali Koreyanın elit döyüş qoşunlarının Rusiyanın Uzaq Şərqinə gəlməsi Pxenyanın Moskva ilə müttəfiqliyinin əhəmiyyətli dərəcədə dərinləşməsidir.

...Lakin bu onların döyüş üçün nəzərdə tutulduğu demək deyil.

...Eyni zamanda müəllif qeyd edir ki, Şimali Koreya ordusu xüsusi təyinatlılar adlandırılsa da, əslində onlar Britaniya Ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin əsas bölməsi bir yana qalsın, demək olar ki, heç dəniz piyadalarına da bənzəmirlər.

Onlar Koreya Xalq Ordusunun 950,000 müntəzəm qoşunlarının əksəriyyətindən daha “xüsusi”, fiziki cəhətdən sərt, nizam-intizamlı və yaxşı təlim keçmiş sayılsalar da, amma onların real döyüş təcrübəsi yoxdur.

Onların hərbi əməliyyatlarda iştirakı da problem yarada bilər. Bəzi Şimali Koreyalıların bir az rus dilində danışmasına baxmayaraq, yanlış təfsir riskləri və “dost atəşi” ehtimalı böyükdür.

Professor Mark Qaleottiyə görə, əslində Kim Çen In Putinə xeyirxahlıqdan kömək etmir, çünki cümə axşamı Rusiya parlamentinin ratifikasiya etdiyi “hərtərəfli strateji tərəfdaşlıq” Moskvanı hücum halında Şimali Koreyaya birbaşa hərbi dəstək verməyə məcbur edir.

...Rusiya Şimali Koreyanın tez-tez keyfiyyətsiz mərmilərinin və bəlkə də eyni dərəcədə aşağı keyfiyyətli əsgərlərinin əvəzini təkcə qida və xammalda deyil, həm də texnologiyada ödəməlidir. Moskvanın Kimin nüvə silahı proqramına birbaşa yardım etdiyi iddialarını istisna etsək belə, Rusiya raketlər, aviasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində öz təcrübəsini verir.

Yeri gəlmişkən, bunu bildirən Qaleottiyə görə, Çin, Rusiya və Şimali Koreya arasında “ölümcül” müttəfiqlik haqqında söhbətlər əslində şişirtmədir və bu xalqlar arasında ciddi fikir ayrılıqlarını göz ardı edir.

Əli Babayev