“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar”

27 Oktyabr 2024 20:42 (UTC+04:00)

Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qələbə qazanmasında azərbaycanlıların da böyük rolu oldu. Kvemo Kartli bölgəsində azərbaycanlıların böyük əksəriyyəti ölkəmizi sülhə, azad və sabit gələcəyə aparan “Gürcü Arzusu”na səs verdilər. Bu, həm də azərbaycanlıların bu ölkədəki böyük rolunu göstərir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin sədri (GAK) Hüseyin Yusifov söyləyib.

Onun sözlərinə görə, azərbaycanlılar Gürcüstanda hakim partiyanı dəstəkləyərək sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçim etdilər. Eyni zamanda, regional sabitliyi, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasəti dəstəklədilər: “Lakin təəssüflər olsun ki, bəzi siyasətçilər səsvermə günündə Kvemo Kartlidə daha çox qanun pozuntusu olması və qarşıdurma yaratmaq üçün azərbaycanlılardan istifadə edilməsi barədə yalan məlumatlar paylaşmaqla etnik zəmində problem yaratmağa çalışırlar. Biz GAK olaraq bu cür məsuliyyətsiz bəyanatları qətiyyətlə qınayır və siyasətçilərdən belə həssas məsələlərdə son dərəcədə diqqətli olmağa tələb edirik”.

Onun sözlərinə görə, Gürcüstanda 300 mindən çox azərbaycanlı yaşayır, onların yaşadığı bütün regionlarda səs faizi yüksək olub. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 10 faizə yaxın payı var. Bu isə sübut edir ki, onlar öz təsir imkanlarına görə seçki prosesində və Gürcüstanın ictimai-siyasi həyatında vacib potensiala malikdirlər.

H.Yusifov deyib ki, hakim partiyanın bu qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda yenidən münaqişə ocaqları yaratmaq istəyən qüvvələrə böyük zərbədir. “Bu gün regionda Gürcüstan və Azərbaycan kimi sülh, sabitlik üçün çalışan dövlətlər var. Regionda möhkəm Gürcüstan- Azərbaycan birliyi var. Tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edirlər və beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edirlər. Ümid edirik ki, Gürcüstan hakimiyyəti, hakim partiya bundan sonra azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiqamətində real addımlar atacaqlar” – deyə, H.Yusifov vurğulayıb.

Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması üçün görüləcək işlərə toxunan GAK sədri deyib: “Bu gün Azərbaycan ilə Gürcüstan regionda sülhün qarantıdırlar. Ermənistan isə yol ayrıcındadır, tərəddüd içərisindədir. Ümid edirik ki, Ermənistan hakimiyyəti də sonda reallığı başa düşəcək, məsuliyyətlərini dərk edəcəklər”.