Su anbarları təhlükə siqnalı verir

27 Oktyabr 2024 22:53 (UTC+04:00)

Türkiyədəki su anbarlarındakı doluluq səviyyəsi son illərin ən aşağı həddinə enib. Ölkənin iri şəhərləri quraq bir qış təhlükəsilə üz-üzədir. İstanbulda su anbarlarındakı doluluq səviyyəsi 33, Ankarada isə 34, İzmirdə isə 30 faizdən aşağıdır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Əhalisi 16 milyonu keçən İstanbul su problemi ən çox hiss olunan şəhərlərdən biridir. Əsas su mənbəyi “Alibey” su anbarında səviyyə 6,5 faizə enib. Hətta şəhərə içməli su təmin edən 10 yerdən yalnız birində doluluq səviyyəsi 50 faizdən yuxarıdır. İstanbul Su və Kanalizasiya İşləri İdarəsinin (İSKİ) məlumatına görə, “Böyükçekmece” su anbarında səviyyə 35, “Darlık”da 36, “Elmalı”da 55, “İstrancalar”da 28, “Kazandere”də 4,85, “Papuçdere”də 10, “Sazlıdere”də 44,7, “Terkos”da 46,2, “Ömərli”də 27 faizdir.

Paytaxt Ankarada da vəziyyət fərqli deyil. Ümumi su doluluq səviyyəsi 34 faizə düşüb, aktiv hədd isə orta hesabla 25 faizdir. Ən böyük saxlama həcminə malik “Çamlıdere” su anbarında doluluq 30 faizdən bir az yüksəkdir. Ankaranı su ilə təmin edən 4 yerdə su səviyyəsi 50 faizdən yuxarıdır, lakin onların da həcmi olduqca azdır.

İzmirdə 2024-cü ilin oktyabrına olan doluluq səviyyələri quraqlıq və artan su tələbatının təsirlərini əks etdirir. Şəhərin əsas su ehtiyacını qarşılayan “Tahtalı”da su səviyyəsi 15,05 faizə düşüb, “Gördes” su anbarı isə 2,78 faizlə kritik həddə yaxındır. Şəhər üzrə ümumi su həcminin yarıdan çox azaldığı müşahidə olunur. Amma problem yalnız 3 böyük şəhərlə məhdudlaşmır. Çorumda “Koçhisar” su bəndi 8 faiz doluluq ilə təhlükə siqnalı verir. Bolunun içməli su ehtiyacını ödəyən “Gölköy” bənd gölündə su səviyyəsi 19 faizə düşüb. Türkiyənin taxıl anbarı sayılan Konyada da quraqlıq ciddi həddə çatıb. 32 milyon kubmetr həcmə malik “Altınapa” su anbarında doluluq miqdarı 19 faizə enib.

Son meteoroloji məlumatlar quraqlığın səbəblərini açıq şəkildə ortaya qoyur. 92 günlük yay mövsümündə 60 gün ərzində temperatur rekord həddə yüksələrək 2024-cü il yay mövsümünü “Türkiyə tarixindəki ən isti yay” kimi qeyd etdirdi. Məlumatlara görə, 2024-cü ilin yay dövrü bir əvvəlki yaydan 0,23 dərəcə daha yüksək olub. Türkiyə 20 dərəcənin üstündə 12 gecə və orta hesabla 25 dərəcənin üstündə 2 gecə yaşayıb. Mersində 65, Adana və Seyhanda 40, Diyarbəkirdə isə 18 gecə olmaqla, ölkənin bir çox böyük şəhərində tempraturun 25 dərəcədən yuxarı olduğu gecə sayı ciddi şəkildə artıb.

Yay mövsümündə Marmara dənizində istilik orta hesabla 3 dərəcə yüksək olaraq 26-27 arasında qeydə alınıb. Qara dənizdə isə normalda 25 olan orta temperatur 27 dərəcəyə çatıb. Mütəxəssislərin fikrincə, 2024-2025-ci illərin qış dövründə Türkiyə üzrə yağıntı qeyri-bərabər düşəcək. Trakya, Ege və Şərqi Anadolu bölgələrində yağıntı miqdarında 30 faizədək azalma gözlənilir. Turizm bölgələrində isə yağışın 50 faizdən çox azalacağı ehtimal edilir. Qərbi, Orta və Şərqi Qara dəniz sahillərində isə qış ayları üçün normaldan 50 faiz çox yağıntı olacaq ki, bu vəziyyət daşqınlara səbəb ola bilər. Super hüceyrə formalaşmaları ilə gələn yağıntının gətirəcəyi suyu saxlamaq isə mümkün görünmür.

İqlim dəyişikliyinin təsiriylə temperatur xəritəsində də fərqliliklər müşahidə ediləcək. Yeganə ümid 2025-ci il yanvarın sonunda mövsüm normallaşması və gözlənilən qar yağıntısının baş verməsidir. Türkiyə Meteorologiya Baş İdarəsinin proqnozuna əsasən, əsrin sonuna doğru Türkiyədə temperatur 1,5 ilə 2,6 dərəcə arasında artacaq, yağıntı miqdarı 3-6 faiz arasında azalacaq. Artıq fəsillər nizamlı deyil, nizamsız gözlənilir.

İqlim dəyişikliyinin bu təsirləri Türkiyənin elektrik istehsalına da birbaşa təsir göstərə bilər. 2024-cü il etibarilə elektrik tələbatının təxminən 20 faizi hidroenerji ilə təmin edilir. Quraqlığın artması və su anbarlarının dolmaması Türkiyənin enerji infrastrukturuna da ciddi təsir göstərəcək. Türkiyədə 31 min 590 elektrik istehsal stansiyası mövcuddur ki, bunlardan 765-i hidroelektrik stansiyadır. Bu isə təxminən quraşdırılmış gücün 30 faizinə bərabərdir.