"Mən insanları əsərlərimlə düşünməyə vadar edirəm"

26 Oktyabr 2024 19:26 (UTC+04:00)

Sənət vasitəsilə özümüz haqqında daha çox düşünə bilərik. Ümumiyyətlə, sənət bizi çox vaxt sözlərdən daha yaxşı ifadə edə bilir. Bu, digər insanların özlərini və ya başqalarını daha yaxşı başa düşməsinə kömək edəcək vasitədir.

Bu düşüncə tərzini özündə mənimsəyən və bir-birindən möhtəşəm əsərlər ortaya çıxaran 23 yaşlı gənc və istedadlı rəssam Aydan Nəbizadə rəsmlərində ruhunu, daxili aləmini tamaşaçıya çatdırmağı əsas vəzifəsi olaraq hesab edir.

SİA AZƏRTAC-a istinadən onun müsahibəsini təqdim edir.

Uşaqlıqdan rəssamlığa marağı oyanan Aydan gəncliyini də bu sahəyə həsr edib. O, Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə oxuyub, təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində davam etdirib. Özünü daha da inkişaf etdirmək üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub, rəssamlığın sirlərini dərindən öyrənib. Hazırda fəaliyyətini davam etdirdiyi emalatxana barədə danışan gənc rəssam buraya üç il əvvəl yerləşdiyini deyib: “Əvvəl qrup olaraq emalatxanada işləməyə başlamışdıq. Digər rəssam yoldaşlarım getdikdən sonra tək qaldım. Əslində, bundan çox məmnunam, təklik yaxşıdır. İndi hesab edirəm ki, kimləsə işləyə bilmərəm, mütləq tək olmalıyam. Ona görə ki, özümü rahat hiss edirəm. Səhərdən axşama kimi əsərlərim üzərində işləyirəm, özümə zaman ayırıram. Digər günlərdə isə tələbələrimi qəbul edirəm. Onlarla rəsm çəkmək, rəssamlığın sirlərini öyrətmək mənim üçün çox xoş olur. Hər yaşda tələbəm var. İnsan işlədikcə, həvəsli olduqca hər sahədə hər şey əldə edə bilər. Yəni, bir gün əhvalın oldu, yaxşı iş ortaya çıxardın, sabah əhvalın olmayanda “yox, işləmirəm” demək olmaz. Əhvalla idarə olunan işdə nəsə əldə etmək çətindir. Buna görə də, hər zaman öz öhdəliklərini başa düşməli, olduğun işi layiqincə yerinə yetirməlisən. Mənim tələbələrim məhz bu yolda irəliləyir, ortaya möhtəşəm əsərlər çıxarırlar. Onlar emalatxanamda doğmalaşır, bir-birinə dəstək olurlar”.

Aydan əsərlərində əsasən qadın obrazlarını təsvir edir. Güc, sevgi, təbiət onun əsərlərinin əsas qayəsini təşkil edir. Gənc rəssam üçün ideya hər şeydən vacibdir: “Bir fikir düşüncəmə təkrar-təkrar gələndə, artıq ona məhəl qoymuram. Sonra “mən bunu etməliyəm” deyib, işə başlayıram. Çəkdiyim rəsmlərdə nə üçün bunu etməli olduğum barədə çox da analitik düşünmürəm. Mənim ən yaxşı ortaya çıxardığım əsərlərin ideyası onları həqiqətən axtarmadığım zaman gəlir. Ona görə də çox vaxt axtarış içində olmuram. Əlimə fırçanı alıram və özümə güvənirəm... Bəzən də daha fərqli emosiya içində oluram. Xəyal etdiyim rəsm əsəri istədiyim kimi alınmayanda, əsəbləşirəm, üzülürəm və düşünürəm ki, yəqin rənglər mənə qulaq asmır. Amma tezliklə bu ruh halından çıxıram və mənə qulaq asmayan rəngləri ram edirəm”.

Gənc rəssamın sözlərinə görə, rəsm çəkən və onu dünyaya təqdim edən bütün rəssamların ortaq cəhətlərindən biri onların cəsarətidir. Bu cəsarəti Aydan özündə çox yaxşı hiss edir. Belə ki, bir neçə ay əvvəl onun Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ilk fərdi sərgisi açılıb. Sərgidə rəssamın 20-dən çox əsəri nümayiş etdirilib. Deyir ki, bu sərgi ilə rəsmlərində əks etdirməyə çalışdığı hissləri insanlara ötürmək istəyib: “Rəssamlıq mənim üçün, sadəcə, peşə deyil, həmçinin həyatda var olma səbəbimdir. Mən sanki bu sənət üçün doğulmuşam. Ətrafımda baş verən bir çox hadisə mənim üçün ideyadır. Qadın obrazları isə əsərlərimdə ön plandadır. Qadının gücünü, iradəsini bəlkə də sözlə ifadə edə bilmərəm, amma zənnimcə, çəkdiyim rəsmlərdə bu, çox yaxşı əks olunur. Düşünürəm ki, incəsənət zamana, xəyal aləminə, arzuladığımız gələcəyə səyahətdir. Mən insanları əsərlərimlə düşünməyə vadar edirəm”.

“Uğurlarımın böyük hissəsinə dövlətimizin tərəfindən biz rəssamlara göstərilən diqqət və qayğı sayəsində nail olmuşam. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənətə necə qayğı ilə yanaşmasını hər birimiz bilirik. Bu, bizə böyük həvəs verir, yeni layihələrə imza atmağa sövq edir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın diqqət və dəstəyini hər zaman hiss edirəm”, - deyən Aydan Nəbizadə bildirir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda bir çox rəssamın araya gələcəyi “Mother Nature İnternational Art Project” adlı layihə də həyata keçiriləcək. “Mən də bu layihədə iştirak edəcəyəm. Biz bu sərgini çoxdandır gözləyirik. Əsas mövzu ana təbiətlə bağlı olacaq. Bu, mənim həmişə işlədiyim mövzudur. Qeyd edim ki, təbiət də mənim üçün anadır. Əsərlərimdə ana obrazını işləyəndə oraya mütləq təbiəti də əlavə edirəm. Qadının gücünü təbiətin gözəlliyi ilə birləşdirirəm. Beləliklə deyə bilərəm ki, bu, çox gözəl layihədir. Rəssamlar olaraq biz də bu konfransa öz töhfəmizi verəcəyik”, - deyə o vurğulayıb.

Gənc rəssam Dubayda, Sinqapurda, Şanxayda sərgilərə qatılıb, əsərləri ilə ölkəmizi layiqincə təmsil edib. Ən böyük arzusu isə Azərbaycanı dünyanın bir çox ölkəsində əsərləri ilə təbliğ etməkdir.

“Mən, həmçinin əsərlərimdə fərqliliyi sevirəm. Yeni üsullar kəşf edir, rəng çalarlarını fərqli yansıtmağa çalışıram. Bu yanaşma özümə də xoş gəlir, onu inkişaf etdirmək istəyirəm. Düşünürəm ki, bu yanaşma, gələcəkdə həm rəngkarlığın inkişafına təkan verəcək, həm də gələcək nəsil bunu öyrənəcək. Bir sözlə, bu yenilik mənim üçün çox önəmlidir”, - deyə gənc rəssam diqqətə çatdırıb.