BDU-da “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüş olub - FOTO

26 Oktyabr 2024 16:50 (UTC+04:00)

Bakı Dövlət Universitetində (BDU) qlobal səviyyədə tanınmış “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüş olub. Universitetdən SİA-ya bildirilib ki, görüşdə BDU-nun elmi-araşdırma potensialının qlobal standartlar üzrə optimallaşdırılması, beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi və akademik təsir dairəsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin birgə konfrans və seminarların keçirilməsi, elmi nəticələrin dəyərləndirilməsi və BDU-nun tədqiqatçılarının “Clarivate Analytics”in elmi resurslarına çıxışının daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, “Clarivate Analytics”lə əməkdaşlıq universitetin beynəlxalq arenada rəqabət qabiliyyətinin yüksəldilməsi, elmi sahədə yeniliklərin tətbiqi və tədqiqatçıların dəstəklənməsi üçün güclü baza yaradır. Şirkətin beynəlxalq akademik sahələrdə elmi nəşrlərin təsir gücünün qiymətləndirilməsi üzrə qabaqcıl mövqeyi bu əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayır.

“Clarivate Analytics”in nümayəndələri Valentin Boqorov və Anna Trifonova universitetin elmi fəaliyyətinin dünya səviyyəsində tanınması üçün effektiv həll yollarını təqdim ediblər. Şirkət tərəfindən təklif olunan resurslar və ixtisaslaşmış analitik alətlər sayəsində BDU-nun elmi təsir dairəsinin, istinad indeksinin və tədqiqatçıların beynəlxalq jurnallara çıxış imkanlarının yeni səviyyəyə qalxacağı vurğulanıb.