“Avropada miqrantların etiraz aksiyaları getdikcə genişlənir” - Şərh EDİLDİ

26 Oktyabr 2024 14:41 (UTC+04:00)

“Fransa hakimiyyət orqanlarının bu cür hərəkətləri insan hüquq və azadlıqlarına uyğun gəlmir, dünyada demokratiya və insan haqları tələb edən Avropanın əsas dövlətlərindən biri Fransada bu gün insanlar siyasi fikirlərinə görə təqib olunmamalıdırlar. Fransanın müstəmləkə ölkələrindən olan Yeni Kaledoniyada azadlıq hərəkatı başlayıb, müstəmləkə altında olan ölkələr müstəqil olmaq istəyir, lakin biz görürük ki, Fransa hakimiyyət orqanları bu azadlıq hərəkatının qarşını almağa çalışır, siyasi fikirlərinə görə onların həyatına son qoyulur, təqib olunur və həbs olunurlar. Bütün bunlar isə qəbuledilməzdir, müstəmləkə ölkələrinin və cəmiyyətlərinin azad olmaq haqqı əlindən alınır. Xüsusən bu ölkələrdən olan siyasi fəallara belə hərəkətlər Fransa dövlətinin beynəlxalq miqyasda nüfuzuna ciddi xələl gətirir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, Fransa belə irqçi və ksenefob addımları ilə öz elan etdiyi dəyərlərə qarşı çıxır. Bu ölkənin ərazisində insan hüquqları və demokratiya dəyərlərini əlində rəhbər tutan beynəlxalq təşkilatlar fəaliyyət göstərir, lakin biz son illər Fransada yaşayan Afrika əsilli vətəndaşlara haqsızlıqların edildiyinin şahidi oluruq. Həm Fransada yaşayan, həm də bu müstəmləkə ölkələrin özündə yaşayan siyasi fəallar və vətəndaşlar təqib olunur, mitinq və etiraz aksiyalarda onlara çox sərt münasibət sərgilənir. Bu isə onu göstərir ki, müasir dünyada, 21 əsrdə ayrıseçkilik və müstəmləkəçilik ideyası qətiyyən qəbuledilməzdir, azadlıq və müstəqillik tələb edən xalqlara belə münasibət yolverilməzdir. Bununla Fransada hakimiyyət orqanları siyasi fəalları susdurmağa və fəaliyyətinin qarşısını almağa çalışır. Nəticədə bu Avropa dövlətlərində sosial böhran yarada bilər, çünki biz bilirik ki, Fransa və digər Avropa dövlətlərində geniş sayda miqrantlar yaşayır, onlar bu ölkələrin böyük işçi qüvvəsi sayılır, belə münasibət isə demoqrafik partlayışa, miqrantların onsuzda artan narazılığı fonunda böyük sosial partlayışa səbəb ola bilər. Bu proses həm Avropa daxilində, həm də müstəmləkə ölkələrində artıq vüsət almağa başlayıb, bir çox miqrantlar Avropadakı hüquqlarından və onlara bəslənən münasibətdən məmnun deyillər. Məhz bu səbəbdəndir ki, Avropada miqrantların davamlı etiraz aksiyaları yer alır və bu proses getdikcə genişlənməkdədir”.