Misli Premyer Liqası: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib

25 Oktyabr 2024 21:50 (UTC+04:00)

Futbol üzrə Misli Premyer Liqasında XI tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Qərb derbisində “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gəlib. Tovuz Şəhər Stadionundakı görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 15-ci dəqiqədə “Turan Tovuz”un heyətində Veysəl Rzayev açıb. Luis Paçu 76-cı dəqiqədə penaltidən tablodakı rəqəmləri bərabərləşdirib. Tovuz klubuna qələbə gətirən qolu isə əsas vaxta əlavə olunan 3-cü dəqiqədə Emmanuel Hakman vurub.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Turan Tovuz” 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi isə 3 xalla sonuncu – 10-cu sırada qalıb.

Qeyd edək ki, turun digər 4 oyunu oktyabrın 26-da və 27-də keçiriləcək.