“Oruç Reis” Somali sahillərinə çatıb

25 Oktyabr 2024 19:05 (UTC+04:00)

Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Oruç Reis” seysmik araşdırma gəmisinin Somalidəki yeni vəzifə yerinə çatdığını bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Nazir Bayraktar 5 oktyabrda İstanbul Boğazından Somaliyə yola salınan “Oruç Reis” ilə bağlı “X” sosial media platformasında paylaşım edib: “ “Oruç Reis” qitələri aşan səfərində vəzifə yerinə çatdı. Yerli və milli seysmik araşdırma gəmisini bu gün Somalidə qarşılayırıq.”

Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirdiyi seysmik gəmi Aralıq dənizi, Süveyş kanalı və Qırmızı dəniz marşrutu ilə Somali sahillərinə çatıb. Gəmi lisenziyası alınmış 3 dəniz səlahiyyət sahəsində neft və təbii qaz üçün seysmik axtarış aparacaq. Təxminən 7 ay davam edəcəyi gözlənilən fəaliyyət müddətində həm təbii qaz həm də neft üçün məlumatlar toplanacaq.

Məlumatlar paytaxt Ankarada təhlil edildikdən sonra nəticələrə uyğun olaraq müəyyən edilmiş yerlərdə qazıntı işlərinə başlanacaq.