Sağlam təfəkkürlü gənclərə cəmiyyətdə hər zaman ehtiyac var. Əvvəla ona görə ki, dövrün, zamanın hərəkətverici qüvvəsi gənclərdir və məhz buna görə də bu qüvvənin sağlam yetişməsinə, sağlam ruhda olmasına hər bir dövrdə böyük ehtiyac duyulur. Digər tərəfdən də unutmaq lazım deyil ki, bizim gələcəyimiz məhz uşaq və gənclərlə bağlıdır və bu baxımdan gələcəyimizin etibarlı əllərdə olması üçün gənc nəslin milli mənlik şüurunda yetişməsi, uşaq və gənclərimizdə vətənpərvərlik hisslərin tərbiyəsi olduqca önəmlidir.
Uşaq və gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, eyni zamanda gənc nəslin vətənpərvərlik hisslərinin tərbiyəsi hər zaman qarşıda duran ən böyük vəzifələrdən sayıldığı üçün ölkəmizdə sağlam təfəkkürlü gənclərin yetişməsinə həssas yanaşılır və xüsusi diqqət ayrılır. Ümumiyyətlə, Azərbaycanda uşaq və gənclərin milli mənlik şüuruna malik, vətənpərvərlik ruhunda tərbiyəsi hər zaman olduğu kimi, hal-hazırda da prioritet hesab olunur. Məhz buna görə də, bu diqqətə görə də milli mənlik şüuruna sahib olan, vətənpərvərlik ruhunda tərbiyə edilən gəncliyin olmasına və bu vaxta qərər olduğu kimi, bundan sonra da gənclərimizin dəyərlərimizə, xalqımıza məxsus dəyərlərə sahib çıxacağına böyük ümidlər bəsləyirik.
Milli maraqlarımızın qorunması ən vacib məsələ olaraq, ən aktual olaraq qəbul edildiyi üçün gənclərimizin vətənpərvərliyi sayəsində dəyərlərimizin, xalqımıza məxsus dəyərlərin qorunduğuna və bundan sonra da qorunacağına zərrə qədər də şübhə ola bilməz. Ölkəmizdə gənc nəslin sağlam təfəkkürdə yetişməsinə, sağlam ruhda olmasına xüsusi diqqət ayrılması və ələlxüsus da gənclər siyasətinə önəm verilməsi bu mənada başadüşüləndir. Məhz belə bir diqqətin və qayğının da haqlı olaraq, ümumilikdə cəmiyyətimiz, Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi tamamilə məntiqidir. Daha dəqiq desək, ölkə başçımızım rəhbərliyi ilə dövlətimizin məhz gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda yetişməsinə, tərbiyə almasına xüsusi diqqət və qayğıya cəmiyyətimiz yüksək dəyər verir, çünki gələcəyimizin bilavasitə bağlı olduğu uşaq və gənclərin, bütövlükdə gəncliyimizin, gənc nəslin milli mənlik şüurunda yetişməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi xalqımıza məxsus dəyərlərin qorunmasına zəmanət və əminlik deməkdir.
“Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”,- deyən cənab Prezident İlham Əliyev gənc nəslin tərbiyəsinə, xüsusən də sağlam təfəkkürdə yetişməsinə böyük önəm verdiyini, milli mənlik şüuruna malik gənc nəslin yetişməsinə olduqca həssas yanaşıldığını, bilikli, savadlı, dünyagörüşlü, vətəninə, doğma Azərbaycanımıza töhfə vermək əzmində, potensialında olan vətənpərvər gəncliyə hər zaman ehtiyac duyulduğunu bəyan edir. Bu bir daha onu təsdiq edir ki, ölkəmizdə gənclər siyasətinə xüsusi diqqət yetirilir, gənc nəslin sağlam yetişməsi ilə bağlı bütün məqamlara həssas yanaşılır. Ötən əsrin sonlarında öz müstəqilliyini yenidən bərpa edən Azərbaycanın çətin durumunda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin yaratdığı ilk nazirliyin məhz Gənclər və İdman Nazirliyi olması özü belə deyilənləri, yəni, dövlətimizin gənclər siyasətinə xüsusi diqqət yetirdiyini təsdiq edir. Hazırda ölkəmizdə gənclər siyasətinə xüsusi önəm verilməsi həm də onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin gəncliyin vətənpərvər ruhda yetişməsi istiqamətində müəyyən etdiyi yol, təyin etdiyi kurs məhz dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Gənc nəsillə, gənclərimizlə bağlı ölkə rəhbərimizin bir çox dövlət proqramları, fərmanları və sərəncamları bunun bariz nümunəsi, qeyd olunanların isbatıdır.
Gənclərimizin milli mənlik şüurunun, vətənpərvərlik hissinin hansı səviyyədə olduğunun təkcə biz yox, bütün dünya ictimaiyyəti şahidi oldu. Hər kəs gördü və əmin oldu ki, Azərbaycan gəncləri vətən uğrunda, vətənin hər qarış torpağı uğrunda, xalqımızın milli-mənəvi maraqları, dəyərləri naminə canından, qanından keçməkdə belə tərəddüd edən deyil. İşğal altında olan, erməni terrorçularının işğal altında saxladıqları ərazilərin işğaldan azad olunması uğrunda 44 günlük müharibə dönəmində gənclərimizin son damla qanına qədər mübarizə aparmaları məhz vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunun bariz nümunəsi, təsdiqi sayılır. İşğal altında olan ərazilərdə nə zamansa yaşamayan, hətta əraziləri görməyən gənclərin belə həmin ərazilər uğrunda fədakarlıqla döyüşməsi milli mənlik şüuruna, vətənpərvərlik hissinə sahib olmadan qətiyyən mümkün hesab edilmir. Daha dəqiq desək, xalqımıza məxsus olan dəyərlər uğrunda ancaq milli mənlik şüuru yüksək səviyyədə olan vətənpərvər gənclərin mübarizə aparması inandırıcıdır.
Doğrudur, 44 günlük mübarizə döyüş meydanında başa çatıb, amma informasiya müharibəsi qətiyyən bitməyib və nə zaman bitəcəyi də bəlli deyil. Bununla bağlı hansısa proqnoz vermək də mümkün hesab edilmir. Çünki Azərbaycanın yerləşdiyi coğrafiyada xalqımıza məxsus dəyərlərə sahib çıxmaq üçün dəridən-qabıqdan çıxan ermənilər də var. Xalqımıza məxsus dəyərlərə, torpaqlarımıza, adət-ənənələrimizə, milli mətbəximizə, musiqimizə belə sahib çıxmaq, bütün bu dəyərləri özününküləşdirmək istəyənlərlə mübarizə aparmaq gərəkir. Deməli, bundan sonra da dəyərlərimiz uğrunda mübarizə qaçılmazdır və bu baxımdan da milli dəyərlərə, vətənpərvərlik hissinə sahib gənclərə bundan sonra da ehtiyac duyulur. Belə vətənpərvər gənclərin, milli mənlik şüuruna sahib olan gənclərin bundan sonra da yetişəcəyinə, gələcəyimizin bundan sonra da etibarlı əllərdə olacağına hər birimiz böyük ümidlər bəsləyirik və buna görə haqlıyıq. Ona görə ki, ölkəmizin apardığı gənclər siyasəti vətənpərvər gənclərin, milli mənlik şüuruna sahib olan gəncliyin yetişməsi üçün əsaslı zəmin deməkdir.
Müəllif: İnam Hacıyev
6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.