"BRİCS iqtisadi və siyasi əməkdaşlıq üçün platformaya çevrilməyi bacarıb" - MÜNASİBƏT BİLDİRİLDİ

25 Oktyabr 2024 16:40 (UTC+04:00)

"Məlum olduğu kimi BRİCS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən təsis edilib və daha sonra Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya qoşulması ilə öz sıralarını daha da genişləndirib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, keçən dövr ərzində BRİCS iqtisadi və siyasi əməkdaşlıq üçün bir platformaya çevrilməyi bacarıb: "İndi isə bu təsisatın BRİCS+ formatına genişlənməsi yeni mərhələnin başlanğıcını işarə edir. Belə ki, 30-a yaxın ölkə bu təşkilata üzv olmaq və ya “tərəfdaş dövlət” statusu almaq istəyini bəyan edib. Bunlar Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tailand, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudandır. Dünənki iclasda artıq 13 ölkə rəsmi olaraq tərəfdaş status aldılar və zamanla digər müraciət edənlərin də bu status alacağı şübhəsizdir.

BRİCS-i cəlbedici edən əsas məqamlardan biri ondan ibarətdir ki, bu birlik müxtəlif siyasi sistemlərə və iqtisadi modellərə malik ölkələri özündə birləşdirir və bu da öz növbəsində BRİCS-i müasir dövrün müxtəlif çağırışlarına qarşı çevik və uyğunlaşa bilən edir. BRİCS-in xarici siyasətinin əsas aspektlərindən biri təzyiq göstərməkdən və qərarların zorla qəbul etdirilməsindən imtina etməsidir. Blok çoxşaxəli dialoqu fəal şəkildə təşviq edir ki, bu da onu ənənəvi qlobal güc mərkəzlərinin birtərəfli təzyiqindən qaçmağa çalışan ölkələr üçün cəlbedici edir. Neytrallıq və açıqlıq siyasəti BRİCS-ə təsir dairəsini genişləndirməyə və qərb institutlarından asılılığa son qoymaq istəyən daha çox inkişaf etməkdə olan ölkələri cəlb etməyə imkan verir.

Bütün bu sadalananların Azərbaycanın da xarici siyasət prioritetləri ilə üst-üstə düşməsi bizim də BRİCS-ə marağımızı artırır. Belə ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Elə bu səbəbdən də ölkəmiz tərəfdaş ölkə statusu almaq üçün bu təsisata müraciət edib.

Hazırda Azərbaycan BRICS-i yaradan ilk 5 ölkədən 3-ü –Rusiya, Çin və Hindistanla fəal ticarət aparır. 2024-cü ilin yanvar-iyul ayları ərzində BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837 milyon 895 min ABŞ dolları olub. Bu, ümumi ticarət dövriyyəmizin 21,7 faizini təşkil edir. Rusiya və Çin isə ən çox ticarət etdiyimiz 3-cü və 4-cü ölkələrdir. Bu dövlətlər ölkəmizin istehsalçıları üçün qabaqcıl bazarlardan biridir".

Onun sözlərinə görə, ölkə başçısının Kazana səfər çərçivəsində keçirdiyi görüşlər və plenar iclasda çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi: "Dövlət başçısı çıxışında ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu və bunun 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirildiyini bildirərək dördillik sədrlik dövründə uğurlu təcrübə əldə edildiyini vurğuladı. Eyni şəkildə ölkəmizin logistika mərkəzi olaraq imkanlarından da geniş şəkildə bəhs edərək öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini vurğuladı. Başqa sözlə desək, ölkə başçısının çıxışı ölkəmizin imkanlarının təqdimatı baxımından xüsusi əhəmiyyət daşımış oldu.

Vacib məqamlardan biri də ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı idi və Prezident çıxışında bu məqam üzrəində də xüsusi olaraq dayandı. Şübhəsiz ki, ölkəmizin COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasının formalaşdırılmasında aktiv şəkildə iştirak etməsi, eləcə də Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa verdiyi töhfə ölkəmizi BRİCS üçün də cəlbedici edir".