"Elektron texnologiyaların tətbiqi ölkə tarixində ən mühüm mərhələdir" - Giorgi Kalandarişvili

25 Oktyabr 2024 15:48 (UTC+04:00)

"Seçki administrasiyası ilk genişmiqyaslı modernləşdirilmiş seçkiləri qanunvericiliyə uyğun, şəffaf və yüksək peşəkar səviyyədə keçirməyə hazırdır. Seçicilərin demək olar ki, 90%-i elektron vasitələrdən istifadə etməklə xidmətlər alacaq, səsvermə başa çatdıqdan sonra seçicilərin 10%-nin bülletenləri rəqəmsallaşdırılacaq". SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə MSK sədri Giorgi Kalandarişvili oktyabrın 26-da keçiriləcək seçkilərlə bağlı yekun brifinqdə məlumat verib.

Onun sözlərinə görə, seçkilərin müasirləşdirilməsi, elektron texnologiyaların tətbiqi ölkə tarixində ən mühüm mərhələdir.

“Əminliklə deyə bilərik ki, bu mərhələnin uğurla başa çatması üçün seçki administrasiyası iki ilə yaxındır ki, öz fəaliyyətini intensiv şəkildə həyata keçirir. Müxtəlif istiqamətlərdə, o cümlədən müxtəlif növ təşkilati işlərdə misli görünməmiş miqyasda iş görüldü. Prosesin inklüzivliyini və konstruktiv əməkdaşlığı təşviq etmək məqsədilə qurum yerli qeyri-hökumət və beynəlxalq təşkilatlar, media və yerli ekspertlərlə dörd işçi dialoq platforması yaradıb. Sözügedən formatlarda mütəmadi olaraq görüşlər keçirilib, görüşlər çərçivəsində cəlb edilmiş tərəflərə məlumat verməklə yanaşı, nəticələrin və tövsiyələrin müzakirəsi aparılıb, onların əksəriyyəti mümkün qədər nəzərə alınıb"- deyə, Giorgi Kalandarişvili bildirib.

Mərkəzi Seçki Komissiyası sədrinin sözlərinə görə, MSK seçkilərin təşkili məqsədilə bir sıra hüquqi/normativ aktlar qəbul edib, bununla da seçki mühitinin yaxşılaşdırılmasına, o cümlədən seçki prosesində iştirak edən tərəflər üçün prosesin sadələşdirilməsinə töhfə verib.

Giorgi Kalandarişvili bütün seçki idarəçilərinə və seçkilərin müasirləşdirilməsi prosesində seçki administrasiyasına kömək edən insanlara, o cümlədən inzibati orqanlara, yerli və beynəlxalq təşkilatlara, siyasi partiyalara və mediaya təşəkkür edib.