Qohumlarla niyə evlənməyək? - SORĞU

25 Oktyabr 2024 16:02 (UTC+04:00)

Deyirlər, əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib. Yüz illərdir bu deyimə inanıb, ailələr qurulur. Əmi uşaqları evlənir, hələ bunların yanına xalauşağı, bibiuşağı da qoşulur. Heç kim gələcəkdə qarşılarına çıxacaqlarını fikirləşmədən bu yola çıxır. Qohum evliliklərdən törəyən bir çox xəstəlik olduğunu çoxumuz bilirik. Bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması risqi 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni, bu risq 2 dəfə artır. Ona görə də qohum evliliyə qərar verən cütlüklər evlilik öncəsi və hamiləliliyin ilk aylarında genetik araşdırmalar üçün mütəxəssislərə müraciət etməlidirlər. Ölü doğulan uşaqların 41-43% arası qohum nikahların birləşməsi ilə baş verib. Genetiklər deyirlər ki, qohum evliliyi qardaş-bacı evliliyidir. SİA "Qohum nikahlarına necə baxırsınız?", "Niyə qohum?" sualları ilə vətəndaşların fikirlərini öyrənib.

Şəhər sakini Həbib Nəsrullayev: "Mənim fikrimcə, qohum nikahları yaxşı deyil. O nöqteyi-nəzərdən ki, xəstə uşaqlar doğulur. Mən ətrafımda qohum evliliklərində xəstə uşaqlar görmüşəm. Münasibətlər pozulanda qohumların düşmən olduğuna da şahid olmamışam. Heç yaxşı baxmıram və dəstəkləmirəm. Qohumlar yadla qohum olsalar, daha yaxşı olar".

Şəhər sakini Səttar Kazımov: "Qohum evliliklərində xəstə uşaqlar dünyaya gəlir. Heç vaxt qohum qohumla evlənməməlidir, düzgün deyil. Evlənib özlərinə zərər edirlər. Kənarda subay qızlar var ki, çox yaxşı, gözəl, onlarla evlənsinlər. Qohumla bir də qohum olmaq nəyə lazımdır? Qohum yaddan olar. Bu, düzgün hərəkət deyil. Qətiyyən razı deyiləm. Cütlüklər arasında münasibət pozulanda qohumlar düşmən olur. Burada günahkar valideynlərdir. Valideynlər istəyirlər ki, yenidən qohum olsunlar, çünki mal-mülk yada qismət olmasın. Mən peşmanam qohumla evləndiyim üçün. Dedilər evlən, evləndim. Valideynlərin günahıdır. Son peşmanlıq fayda vermir. Gənclər vaxtında ağılla hərəkət etsinlər".

Şəhər sakini Tərlan İsmayılzadə: "Qohum nikahlarına çox pis baxıram. Düzgün hərəkət deyil. Çünki hara yönlənsə, qan birdir. Ən uzaq qohum belə olsa, qan birdir. Ona görə də qohumla evlənmək düzgün deyil. Valideynlər deyirlər ki, tanıdığım qızla evlən. Amma indiki zamanda böyük fəsadlara gətirib çıxarır. Valideynin səhvinə görə yeni nəsil əziyyət çəkir. Belə fikirləşirəm ki, qohumla qohum evlənməli deyil. Mən yad biriylə qohum olmuşam, iki gözəl övladım var. Peşman deyiləm".

Şəhər sakini Valeh Cancanov: "Qohum nikahlarına münasibətim mənfidir. Ona görə ki, qohumla evli olduqda bəzi problemlər olur. Uşaqlar xəstə olur. Münasibətlər pozulanda bacı qardaşla, bacı bacı ilə düşmən olur. Bu hadisə ilə rastlaşmışam. Yaxşı olar ki, tanımadığın insanla qohum olasan. Düzdür, müəyyən bir vaxt, 2-3 il bir-birlərini tanıyacaqlar.

Səbəbkar valideynlərdir. Bəzi valideynlərin imkanı yaxşıdır, istəyir ki, mülkü yad adama qismət olmasın. Bu hadisələri özüm görmüşəm. Uşaqlar onsuz da birlikdə böyüyürlər, böyüyəndən sonra valideynlər məcbur edirlər".

Şəhər sakini Xanım Qənbərova: "Qohum evlilikləri mənə görə yaxşı deyil. Səbəbi xəstə doğulan uşaqlardır. 2025-ci ildə qohum evliliklərinin qadağan edildiyi qanun qüvvəyə minəcək. Nişanlı qohumlar var, onlar daha ayrıla bilməz. Onlar evlənsinlər. Amma qanun qüvvəyə minəndən sonra belə evliliklər olmasa yaxşıdır".

Şəhər sakini Esmira Bayramova: "Kaş qohum evliliyi olmaya, amma baş verir. Gərək qan analizlərindən keçsinlər. Qohum evliliklərində əsas səbəbkarlar valideynlərdir. "Özümüzünküdür, problem olmaz" -deyə, evləndirirlər. Ətrafımda çox qohum evliliyi var. Şükür, hələ ki, onlar arasında problem yaranmayıb. Amma problem olsa, qardaş və bacı düşmən olacaq. Qohum evlilikləri hərtərəfli pisdir. Əgər nişanlı olan qohumlar varsa, sevgi faktoru rol oynayır artıq. Sevirlərsə, evlənəcəklər. Amma kaş olmaya, bir az ciddi yanaşmaq lazımdır".