Bu sahə Torpaq Məcəlləsindəki dəyişiklikdən faydalanmağa başlayıb

25 Oktyabr 2024 15:53 (UTC+04:00)

Təxminən 4 aydır ki, Azərbaycanda kənd təsərrüfatı məhsulların istehsalı və emalı ilə məşğul olan sahibkarlara yeni imkan yaradılıb. SİA-nın məlumatına görə, onlara aqrar təyinatlı torpaqlarda müvəqqəti tikililər inşa etməyə və quraşdırmağa icazə verilir.

Bu yenilik Torpaq Məcəlləsində edilmiş və bu il iyunun 28-də qüvvəyə minmiş dəyişikliyə əsaslanır. Dəyişikliyin məqsədi kənd təsərrüfatının inkişafında yeni perspektivlər açaraq, ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verməkdir.

İş adamları tikinti işləri aparmaq üçün buna icazə verən aidiyyatı qurumları məlumatlandırmalıdır. Söhbət əsaslı tikililərdən və müxtəlif qurğulardan, həmçinin işçilərin müvəqqəti yaşayışını təmin etmək məqsədilə yaşayış təyinatlı tikililərdən gedir. Məcəllənin 13-1-ci maddəsi kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün bu sahədə çalışan işçilərin rahatlığını təmin etməyə, kənd təsərrüfatı üçün lazım olan müvafiq infrastrukturun qurulmasına imkan verir. Amma həmin tikililər sahə baxımından 5 hektardan az olmamalı və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə olan örüş sahələri istisna olmaqla) 1 %-dən artıq olmamalıdır. Bu tələblər torpaqdan istifadənin planlaşdırılmasında və kənd təsərrüfatı fəaliyyətinin təşkilində, torpaq resurslarının mühafizəsində əhəmiyyətli rol oynayacaq.

Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililər, tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Bu qeydiyyat, müvafiq tikililərin hüquqi statusunu dəqiqləşdirməyə kömək edir, eyni zamanda, mülkiyyətçilərin hüquqlarını müdafiə edir.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulan, habelə işçilərin müvəqqəti yaşaması üçün inşasına yol verilən tikinti obyektlərinin, kənd təsərrüfatı məqsədli istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilmir. Bu, torpaq resurslarının səmərəli istifadəsini və müvafiq sahələrin qorunmasını təmin edərək, davamlı inkişafına zəmin yaradır. Bu yanaşma, yalnız torpaq istifadəsinin düzgün planlaşdırılmasına deyil, həm də ekosistemlərin mühafizəsinə xidmət edir.