"Avropa Parlamentinin ətrafında etimadsızlıq mühiti formalaşıb" - ŞƏRH EDİLDİ

25 Oktyabr 2024 15:27 (UTC+04:00)

“Bir il öncə Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiyada hallanması da sözügedən təsisatın “gerçək missiyası”nın hansı əməllərdən ibarət olduğunu bir daha sübuta yetirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.

Deputat sözlərinə belə davam edib: “Eva Kailin isə necə deyərlər, tək deyil. Avropa Parlamentinin deputatı Terri Mariani ilə bağlı Paris prokurorluğunda 2021-ci ilin sentyabrından başladılmış araşdırmalar hələ də davam etməkdədir. Marianini korrupsiyada, təsir imkanlarından və etibardan sui-istifadədə, eləcə də çirkli pulların yuyulmasında təqsirləndirirlər. Avropa Parlamenti Aİ təsisatları arasında ən çox korrupsiyalaşmış qurumdur.

"Transparency international" təşkilatının 2023-cü il üzrə açıqladığı hesabata görə, AP üzvü olan deputatların 2/3 hissəsi, qanunsuz olaraq, müxtəlif şirkətlərin idarə heyətlərində təmsil olunmaqla və onların lobbiçiliyini etməklə, hər il 3-8,5 milyon avro vəsait əldə edirlər. Təkcə may ayı ərzində AP-nin Almaniya və Niderlanddan olan parlamentariləri ilə bağlı 3 korrupsiya faktı qeydə alınıb. Aşırı sağçı “Almaniya üçün alternativ” Partiyasının Avropa Parlamentindəki təmsilçisinin adının “Russiangate” (raşenqeyt) korrupsiya qalmaqalında hallanması, bu partiyanın Avropa Parlamentindəki populist “İdentiklik və demokratiya” fransiyasının sıralarından çıxarılması ilə nəticələnib. Bu amillər, eləcə də Avropa Parlamentinin üzvlərinin son 5 il ərzində müxtəlif korrupsiya qalmaqallarında hallanması, bu təsisatın nüfuzuna ciddi zərbə vurub və ətrafında etimadsızlıq mühiti formalaşdırıb.

Çirkli pullar müqabilində Ermənistan və erməni diasporu da daxil olmaqla ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkliyini yerinə yetirən parlamentarilərin “meydan suladığı” Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur. Əgər belə olmasaydı, Avropa Parlamentariləri ləyaqət hissləri kimi Əsas Hüquqlar haqqında Avropa Xartiyasının tələblərini unutmaz və Ermənistan tərəfindən öz evlərindən qovulmuş 300 min azərbaycanlının hüquqlarının müdafiəsi, onların ləyaqətli geriyə qayıdışının təmin edilməsi ilə bağlı da qətnamə qəbul edərdilər.

Azərbaycana qarşı sistemli və davamlı böhtan, qarayaxma və təzyiq kampaniyalarına gəldikdə isə, bu prosesin eyni mərkəzdən idarə olunduğu göz qabağındadır. Proses sinxron şəkildə, ABŞ Dövlət Departamenti, senatı və konqresi, həmçinin onların geosiyasi təzyiq elementi və “bəhanə generatorları” kimi ayrı-ayrı sahələr üzrə formalaşdırdıqları “beynəlxalq təşkilatlar”, eləcə də Avropa Parlamenti də daxil olmaqla bir sıra Avropa Təsisatlarının iştirakı ilə həyata keçirilir. Əsas məqsəd, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan və Azərbaycan Ordusunun rüsvayçı məğlubiyyətə uğratdığı təcavüzkar, irqçi Ermənistanı sivilizasiyaların qarşıdurması konsepsiyasına uyğun olaraq, Qərbin (onların baxış bucağına görə “xristian sivilizasiyası”nın) forpostu kimi gücləndirməkdən və daim münaqişə yaratmaq, təxribat törətmək potensialına malik olmasını təmin etməkdən ibarətdir. Başqa bir amil, Ermənistanın öz fundamental öhdəliklərini təmin etmədən, onun istədiyi və gələcəkdə xarici müdaxilə, təzyiqlər üçün imkan yarada biləcək yarımçıq bir sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu həm də xarici siyasətdə rüsvayçı məğlubiyyətlərə imza atan demokratların seçki kampaniyasında “uğur” kimi təqdim edə biləcəkləri təbliğat elementi kimi onlara lazımdır. Başqa bir amil isə, şübhəsiz ki, Azərbaycanın COP29-un təşkilindən əldə edəcəyi yüksək dividendlərin üzərinə öncədən kölgə salmaq istəyi ilə bağlıdır”.

Ayşən Vəli