Komitə sədri kilsənin fəaliyyəti ilə tanış olub - FOTOLAR

25 Oktyabr 2024 15:26 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Məryəmin Mövludu kilsəsində olub. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, kilsə ilə tanışlıqdan sonra burada fəaliyyət göstərən din xadimləri ilə söhbət zamanı Ramin Məmmədov deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini konfessiyalara dövlət dəstəyi siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun uğurla davam etdirilir. Komitə sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi və dini abidələrin bərpasına xüsusi diqqət yetirdiyini vurğulayıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi, dini qurumlara dövlət dəstəyinin göstərilməsi tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Bakı Yeparxiya İdarəsinin katibi, protoiyerey Dionisiy Sveçnikov və kilsənin baş keşişi Aleksandr Novikov Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən məmnunluqlarını bildirərək, kilsənin həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd ediblər.

2019-2021-ci illərdə Prezident İlham Əliyevin Sərəncamı ilə kilsədə aparılan genişmiqyaslı bərpa işlərini təqdirəlayiq addım kimi dəyərləndirərək minnətdarlıqlarını ifadə ediblər.