Putin və İlon Mask haqqında şok iddia

25 Oktyabr 2024 15:18 (UTC+04:00)

Amerikanın Wall Street Journal (WSJ) qəzeti amerikalı milyarder İlon Maskın mütəmadi olaraq Rusiya prezidenti Vladimir Putinlə gizli əlaqə saxladığını iddia edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Mask və Putinin gizli görüşləri ilə bağlı məlumatı olan şəxslər mövzu ilə bağlı WSJ-yə açıqlamalar verib.

Mənbələr iddia edib ki, Mask və Putin bir çox mövzuda, o cümlədən geosiyasət, biznes və şəxsi məsələlərdə fikir mübadiləsi aparıblar. Vaşinqton administrasiyasının Maskın texnologiyalarından həddən artıq asılı olduğunu bildirən mənbələr hökumətin bu mənada “dilemma” içində olduğunu bildirib. Mənbələr qeyd edib ki, hökumət Mask-Putin təmaslarını “bəyənmir”, lakin administrasiya Maska onların səbəb ola biləcəyi mümkün təhlükəsizlik pozuntuları barədə heç bir xəbərdarlıq etməyib.

Mask uzun müddətdir Putinlə görüşmədiyini bildirsə də, mənbələr ikisinin əlaqə saxladığını iddia edib. Mənbələr bildirib ki, Rusiya administrasiyası Maskdan 2023-cü ilin sonunda Tayvanda SpaceX-in Starlink peyk internet sistemini aktivləşdirməməyi tələb edib. Xəbərə görə, hazırkı administrasiyadan bəzi səlahiyyətlilər, Maskın ABŞ-la bağlı “məxfi məlumatlara” çıxışı olduğu üçün bu təmasların təhlükəsizlik narahatlıqları yaratdığı fikrini bölüşür.

İlon Musk, Putinlə kosmosla bağlı yalnız bir dəfə görüşdüyünü və bunun 2021-ci ilin aprelində baş verdiyini açıqlayıb.