"SeçkilərGürcüstan demokratiyası tarixində mühüm hadisəyə çevriləcək" - ŞƏRH OLUNDU

25 Oktyabr 2024 14:25 (UTC+04:00)

“Gürcüstanda keçiriləcək parlament seçkiləri Gürcüstan demokratiyası tarixində mühüm hadisəyə çevriləcək. Amma təəssüf ki, seçki ərəfəsində Qərbin işğalçı demokratiyası Gürcüstan xalqının milli iradəsini əzməyə çalışır, onu yenidən özünə tabe etdirməyə cəhd göstərir. Buna görə də proseslərdən bir daha aydın olur ki, Qərb demokratiya dedikdə qarşı tərəfin rifahı, sabitliyi, milli maraqları deyil, özünün məcburi həyata keçirməyə çalışdığı vasitəni nəzərdə tutur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Qərbin ən müxtəlif institutları və təşkilatlanmaları Gürcüstana qarşı siyasi təzyiq vasitələri ilə yanaşı, cəmiyyət daxilində təxribatlar törətmək üçün xüsusi qruplar da hazırlayır, cəmiyyətdə qarşıdurma yaratmağa çalışır: “Xüsusilə seçkidən sonra gürcü xalqının iradəsinin necə olacağını bu başdan şübhə altına alır. Bu isə bir daha Qərbin eybəcər demokratiyasının təzahürüdür. Qərb üçün demokratiya, yalnız ona tabe olmaqdan keçir. Hazırda isə Gürcüstan dövləti bunun əziyyətini çəkir.

Gürcüstan hakimiyyəti bundan xəbərdardır, Baş nazir İrakli Kobaxidze seçki ərəfəsində bir neçə dəfə müvafiq dövlət qurumlarına gözlənilən təhlükələrlə bağlı xəbərdarlıq edib. Əminik ki, Gürcüstan hakimiyyəti, dövləti bütün prosesi nəzarət altında saxlayaraq öz milli iradəsinin təcəssüm etdiyi hakimiyyət formalaşdıracaq. Bu birbaşa olaraq Gürcüstanda sabitliyin davam etməsinə öz töhfəsini verəcək.

Bizə dövlət olaraq inkişaf edən, sabit Gürcüstan lazımdır, bu xeyirxah qonşuluq münasibətidir. Amma təəssüf ki, Qərb institutları Gürcüstanı yenidən Rusiyaya qarşı müharibəyə sürükləməyə çalışırlar. Halbuki 2008-ci ildə bir dəfə bunu etdilər və nəticədə Gürcüstan öz torpaqlarının 20 faizi itirmiş oldu. Əgər demokratiya budursa, şübhəsiz ki, belə demokratiya Gürcüstana lazım deyil və gürcü xalqı da bunun fərqindədir. Buna görə də Gürcüstanda baş tutacaq seçkilər gürcü xalqının iradəsini əks etdirməklə sabitliyin, inkişafın davamı kimi tarixə düşəcək”.