"Sabunçu keçidi" adlanan ərazidə vəziyyət necədir? - QURUMDAN MÜNASİBƏT

25 Oktyabr 2024 11:45 (UTC+04:00)

Oktyabrın 19-dan 20-nə keçən gecə paytaxtda yağan güclü yağış nəticəsində şəhərin əksər hissəsi su altında qaldı. Bu gün ərzində sosial şəbəkələrdə avtobuslar, fərdi maşınlar, evlər, əşyalar suyun altında qaldı və insanların bundan necə əziyyət çəkdiyini əks etdirən videogörüntülər yayıldı. "Sabunçu keçidi" adlanan ərazidə iki nəfər boğularaq öldü. Niyə tədbirlər görülmür? Hal-hazırda hansı tədbirlər görülür?

SİA mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyindən cavab alıb.

Qurumdan verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub: "Belə ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nazarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Bakı Şəhər İcra Hakimiyyəti subasma ilə bağlı şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparıb. Şəhərdəki körpü, tunel və keçidlərdəki su nasoslarının gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Hazırda prospekt və küçələrdə yağış suları yığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləri aparılıb, çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimi halların baş verməməsi və belə halların operativ şəkildə aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirilib".