Şimalı Koreyanın ilk bölmələri artıq cəbhəyə gətirilib...

25 Oktyabr 2024 00:16 (UTC+04:00)

...Rusiya poliqonlarında təlim keçmiş Şimali Koreya hərbi qulluqçularının ilk bölmələri artıq Rusiya-Ukrayna müharibəsinin döyüş bölgəsindədirlər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, onlar dünən Kursk vilayətində görüntülənib.

SİA Ukrayna saytlarına istinadən xəbər verir ki, kəşfiyyat ekspertlərinin fikrincə, Rusiyaya ümumilikdə 12 minə yaxın Şimali Koreya əsgəri köçürülüb. Onların arasında 500 zabit və üç Pxenyan generalı var.

...Əsgərlər döyüş sursatları, yataq dəstləri, qış geyimləri və ayaqqabıları, habelə gigiyena ilə təchiz olunublar, xüsusən də Moskva müəyyən edilmiş standartlara uyğun olaraq hər bir Şimali Koreyalıya 50 metr tualet kağızı və 300 qram sabun ayıracaq.

Xarici hərbçilər beş poliqonda - "Baranovski" (Ussuriysk), "Donguz" (Ulan-Ude), "Ekaterinoslavski" (Ekaterislavka), 248-ci (Knyaz-Volkonskoye) və 249-cu (Sergeevka) poliqonlarında müharibəyə hazırlanırlar

Koordinasiya üçün bir neçə həftə verilir. Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Evkurov qoşunların təlimi və uyğunlaşmasına nəzarət edir.

Yeri gəlmişkən, Şimali Koreyanın Rusiya ərazisinə qoşun yeritməsi barədə məlumat artıq NATO, Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Böyük Britaniya tərəfindən təsdiqlənib.

Cənubi Koreya prezidenti Yun Sok Yol artıq bunu cavabsız qoymayacaqlarını bəyan edib - ölkə hazırda Ukraynaya hərbi dəstək verilməsini müzakirə edir.

Əli Babayev