İlyas Əfəndiyevin 110 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

24 Oktyabr 2024 20:43 (UTC+04:00)

Oktyabrın 24-də Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbir, həmçinin “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının və "Xalq yazıçısı İlyas Əfəndiyev" adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

SİA xəbər verir ki, Milli Kitabxanada keçirilən tədbirdə Kitabxananın direktoru, professor Kərim Tahirov İlyas Əfəndiyevin ölkə ədəbiyyatında öz ədəbi məktəbini yaratmış nadir şəxsiyyətlərdən biri olduğunu deyib. O, İlyas Əfəndiyevin yaratdığı ədəbi və teatr məktəbinin bu gün də davam etdiyini, Azərbaycan teatrlarının öz mövsümlərini onun əsərləri ilə açdığını söyləyib. Vurğulayıb ki, XX əsr Azərbaycan teatr məktəbinin formalaşmasında yaratdığı əsərləri ilə mühüm rol oynayan İ.Əfəndiyev adını Azərbaycan dram və teatr tarixinə qızıl hərflərlə yazdırıb, onun əsərləri aktuallığını bu gün də qoruyub saxlayır. O, Kitabxana tərəfindən "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının ikinci dəfə təkmilləşdirildirərək tərtib edildiyini bildirib.

Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov hamı tərəfindən sevilən İlyas Əfəndiyevə həsr edilən biblioqrafiya kitabının dərc olunmasını onu sevənlərin, əsərlərini oxuyanların, onun əsərləri ilə böyüyən nəsillər üçün çox maraqlı və aktual hadisə olduğunu deyib. O, İ.Əfəndiyev yaradıcılığında hər bir Azərbaycan vətəndaşı üçün xüsusi yer tutan önəmli, xalqımızın taleyüklü məsələri olan Qarabağ haqqında xüsusilə “Xurşudbanu Natəvan”, “Hökmdar və qızı” kimi əsərlərin ərsəyə gətirilməsinin, yazılmasının Xalq şairinin dühasının cəsarətinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu biblioqrafiya kitablarının xüsusilə tarix üçün çox vacib sənəd və sənədlər toplusu olduğunu qeyd edib. Peşəkər olaraq maraqlananlara elmi işlər yazmaq, tədqiqat aparmaq böyük şəxslər haqqında fikir söyləmək üçün biblioqrafiya kitabların böyük rolu olduğunu söyləyib. Yaradıcılığından başqa Azərbaycan ailəsinin başçısı olaraq xalqımıza gözəl insanlar bəxş edən İlyas Əfəndiyevin təvazökar insan olduğunu bildirib.

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov görkəmli dramaturq İlyas Əfəndiyev haqqında danışmağın Azərbaycan ədəbiyyatının, mədəniyyətinin hətta siyasətinin böyük bir dövrü haqqında danışmaq demək olduğunu vurğulayıb. Deyib ki, İlyas Əfəndiyev maraqlı şəxsiyyət olub.

Akademik Muxtar Kazımoğlu Xalq yazıçısının yaradıcılığından, dramaturgiyasından ətraflı bəhs edərək Azərbaycan ədəbiyyatında Cəfər Cabarlıdan sonra İlyas Əfəndiyevdən başqa ikinci bir dramaturqun olmadığını söyləyib. O, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafının İlyas Əfəndiyevin dram əsərləri ilə bağlı olduğunu qeyd edib.

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov çıxışı zamanı İlyas Əfəndiyev yaradıcılığının bir xəzinə olduğunu "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının isə bu xəzinənin qızıl açarı olduğunu söyləyib.

Xalq yazıçısı Elmira Axundova, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov İlyas Əfəndiyevin zəngin yaradıcılığından geniş söz açaraq görkəmli dramaturqun təkcə Azərbaycan nəsrində deyil, həm də teatr sənətinin müasir simasının formalaşmasında eləcə də ölməz səhnə əsərləri bir neçə aktyor və rejissor nəslinin yetişməsində əhəmiyyətli rol oynadığını vurğulayıblar. Ədibin əsərləri dünyanın onlarla ölkəsində müxəlif dillərə tərcümə olunduğunu qeyd ediblər.

Sonda çıxış edən Xalq yazıçısı Elçin Əfəndiyev Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, çıxışçılara dərin minnətdarlığını bildirdib. O, İlyas Əfəndiyevin həmişə oxucuları ilə bir yerdə olduğunu, daim ədəbiyyata xidmət edən yazıçı olduğunu söyləyib.

Sonra tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "İlyas Əfəndiyev" elektron məlumat bazası ilə tanış olublar.

Qeyd edək ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”, “İlyas Əfəndiyev düşüncələrindən sətirlər”, “İlyas Əfəndiyev Dünya Milli və Universitet Kitabxanalarında”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Videoqalereya” və s. özündə əks etdirən materiallar tam mətnləri ilə nümayiş olunur.