Erməni təəssübkeşliyi fonunda Qərbin ikiüzlü iqlim siyasəti - RƏY

24 Oktyabr 2024 18:18 (UTC+04:00)

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ildə dünyanın əksər dövlətləri tərəfindən imzalanmış və 1994-cü ildə qüvvəyə minmişdir. Konvensiyanın məqsədi dünya dövlətlərinin səylərini qlobal iqlim dəyişikliyi ilə mübarizəyə səfərbər etmək və bu kontekstə müzakirələr aparmaq, vacib qərarların qəbul edilməsi üçün dünya liderlərini ən azı ildə bir dəfə bir araya toplamaqdır. Həmin vaxtdan etibarən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28 Tərəflər Konfransı baş tutub və mühüm qərarlar qəbul edilib. Hesablamalara görə hazırda dünya təhlükəsizlik arxitekturasına ən böyük təhdidlərdən biri olan iqlim dəyişikliyi ilə mübarizə üçün hər il trilyonlarla dollar maddi vəsait ayrılmalıdır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadlarından ən çox əziyyət çəkən kasıb, inkişaf etməmiş ölkələrdir ki, həmin ölkələr kənar yardım olmadan aşağı karbonlu və dayanıqlı inkişafa əsaslanan iqtisadiyyata keçid etmək iqtidarında deyillər: “Məhz bu səbəbdən 2015-ci ildə baş tutan BMT-nin İqlim Dəyişikliyi Konfransında 2025-ci ilə qədər inkişaf etməmiş və etməkdə olan dövlətlərə iqlim dəyişikliyi ilə mübarizəsi üçün hər il 100 milyard dollarlıq yardım paketi müəyyənləşib. Razılaşmaya görə yardımın böyük qismi konvensiyanın əlavəsində adları sadalanmış və dünyanın 23 ən böyük iqtisadi gəlirlərə malik dövlətləri tərəfindən ayrılmalı idi. Məqsəd isə 21-ci əsrdə temperatur artımını 2 dərəcə selsidən aşağı, mümkünsə 1,5 dərəcədə saxlamaqdır. Bununla belə inkişaf etmiş dövlətlər heç də həmişə vədlərinə əməl etməmiş və iqlim maliyyələşdirməsi mövzusunda ziddiyyətli mövqelər ortaya qoyublar. Bu kontekstdə ABŞ-ın 1997-ci ildə qəbul edilmiş Kioto Protokolunu ratifikasiya etməməsindən tutmuş son zamanlar əksər Qərb dövlətlərinin iqlim maliyyələşdirməsindən boyun qaçırmasına qədər xeyli faktlar sadalaya bilərik. Hazırda əksər qərb dövlətləri iqlim dəyişikliyi ilə mübarizədə maddi vəsaitlərin inkişaf etməmiş və etməkdə olan dövlətlər tərəfindən də ayrılmalı olduğunu bəhanə gətirərək Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı tərəddüd dolu fikirlər səsləndirir. Məsələ burasındadır ki, hazırkı 100 milyard dollarlıq hədəf 2025-dən sonrakı zaman kəsiyində qlobal iqlim ehtiyaclarını ödəmir və bu baxımdan hazırda BMT-nin gündəliyində duran əsas məsələ bu hədəfin artırılması yönündədir. Ən son Birləşmiş Ərəb Əmirliklərində baş tutan Tərəflərin 28-ci konfransında bu məsələ ətrafında uzun sürən müzakirələr Qərbin ziddiyyətli mövqeyi səbəbindən ciddi bir nəticə hasil etmədi. Tərəflərin növbəti, 29-cu Konfransı isə noyabrın 11-22-si aralığında Bakı şəhərində keçiriləcək. Ötən ilin dekabrın 11-də baş tutan plenar iclasda konfransın Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlər, o cümlədən Ermənistan COP29-a rəsmi Bakının ev sahibliyi etməsini dəstəkləyib. Bu konfrans indiyə qədər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin ən böyüyü sayılır və heç şübhəsiz, ölkəmizin etibarlı tərəfdaşı və iqlim gündəliyinə sadiq bir dövlət kimi artan beynəlxalq nüfuzunun göstəricisidir”.

Sultan Zahidov COP29-un Azərbaycanda baş tutmasının əhəmiyyətini bir neçə tezislə izah edib: “Birincisi, Yaşıl Dünya Naminə Həmrəylik sloqanı altında belə bir mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın neft-qaz ölkəsi olmasına baxmayaraq, yaşıl gündəliyə və dayanıqlı inkişaf prioritetlərinə sadiq olduğunu göstərir. İkincisi, COP29-un Bakıda keçirilməsi beynəlxalq hüququn ali prinsiplərinə və universal bəşəri dəyərlərə hörmət göstərən, daim əməkdaşlıq, sülh və təhlükəsizlik gündəliyini təbliğ edən dövlətimizə olan beynəlxalq etimadın göstəricisidir. Nəhayət, bu, həm də dünyanın əksər dövlətlərini iqlim dəyişikliyi və digər qlobal problemlərin həlli üçün bir araya toplayan rəsmi Bakının artıq regional və qlobal məsələlərin həllində aktiv iştirakçıya çevrildiyini ifadə etməkdədir. Həqiqətən də, Azərbaycan tərəfindən elan edilən COP29 naminə birgə Atəşkəs Çağırışı dünya ölkələri üçün aralarındakı maraq toqquşmalarından irəli gələn münaqişəli vəziyyəti kənara qoyub aktual qlobal problemləri masada müzakirə etməyə əlverişli bir şərait yaratmış olur”.

Politoloq diqqətə çatdırıb ki, Bakıda keçiriləcək COP29 tədbirində müzakirə olunacaq əsas mövzulardan biri də iqlim dəyişikliyi ilə mübarizə üçün Yeni Kollektiv Kəmiyyət Məqsədidir. Bu məqsədə nail olmaq üçün xüsusilə, Qərb öz məkrli geosiyasi maraqlarını kənara qoyub yeni maliyyə hədəfləri məsələsində siyasi iradə nümayiş etdirməlidir. Bununla belə artıq indidən bəzi qərb dairələrində yeni maliyyə öhdəliklərindən yayınmaq üçün Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyalarının şahidi oluruq. Son zamanlar Fransa, ABŞ kimi dövlətlərin ölkəmizə qarşı səsləndirdiyi əsassız böhtanlar azmış kimi, indi də Avropa Parlamenti yenidən öz xudbin və qərəzli xislətini xatırlatmaq eşqinə düşdü. Çərşənbə axşamı Avropa Parlamentində baş tutan müzakirələr zamanı Avropa İttifaqının Məşğulluq və Sosial Hüquqlar üzrə Komissarı Nikolas Şmitin ölkəmizlə bağlı ziddiyyətli çıxışları sözün əsl mənasında bir fars janrını xatırladırdı. Bu cür çıxışlar bir daha dünyaya demokratiya və insan hüquqları mövzusunda mühazirələr oxuyan bir qurumun ali qanunverici orqanının erməni lobbisinin və Fransa kimi ermənipərəst dövlətlərin təsiri altında korrupsiya və çirkab suyunda boğulduğunu göstərir. Üstəlik, bütün bu çıxışlar, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin qeyd etdiyi kimi, qurumun Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə, bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan İslamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və "sarı gödəkçəlilər" kimi aksiyalarda həyatlarını itirməsinə, habelə Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı və biganəliyi fonunda baş verir. Əfsuslar olsun ki, torpaqlarımızın işğalına və bir milyon vətəndaşımızın məcburi şəkildə köç etməsinə, minlərlə soydaşımızın vəhşicəsinə qətlə yetirilməsinə səsini çıxarmayan Qərbin bəzi dövlətləri və institutları bu gün Fransanın Ermənistanı silahlandırmasına, Ermənistanın sülh prosesini bilərəkdən uzatmasına göz yumaraq ölkəmizə qarşı qərəzli siyasətlərini davam etdirirlər.

“Qərb İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra öz ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanın bölgədə yeni geosiyasi vəziyyət yaratmasını, artan nüfuzunu qəbul edə bilməyərək indi də qlobal iqlim dəyişikliyi ilə mübarizədə rəsmi Bakının onlardan daha qətiyyətli və iradəli olduğunu həzm edə bilməyərək COP29-u hədəf götürübdür. Bu qarayaxma kampaniyasının arxasında bir tərəfdən erməni lobbisinin “avro diplomatiyası” fonunda saxta erməni təəssübkeşliyi dayanırsa, digər tərəfdən Qərbin iqlim dəyişikliyi ilə mübarizədə əlavə maddi vəsait ayırmaq istəyində olmamasıdır. Görünür, Azərbaycana qarşı əsassız böhtanlar yağdırmaqla Qərb sadəcə olaraq hədəf yayındırmağa və özünün ikiüzlü iqlim siyasətinə don geyindirməyə çalışır. Azərbaycan isə əvvəlki mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyi kimi bu tədbirin də uğurla həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcək”, - deyə Sultan Zahidov əlavə edib.