Məsud Pezeşkiyan: ''BMT öz nüfuzunu itirdi''

24 Oktyabr 2024 17:56 (UTC+04:00)

İran Prezidenti Məsud Pezeşkiyan beynəlxalq qurumların, xüsusən də Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərb ölkələrinin təsiri ilə nüfuzunu itirdiyini və BRİKS-in uğurlu əməkdaşlıq və yaxınlaşma modeli təqdim etdiyini bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İranın rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, Məsud Pezeşkiyan Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən BRİKS sammitinin genişləndirilmiş liderlər toplantısında çıxış edib. O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Valyuta Fondu və insan haqları təşkilatları kimi beynəlxalq qurumlar, Qərb ölkələrinin təsiri və siyasiləşməsi səbəbindən öz nüfuzunu itiriblər.

Məsud Pezeşkiyan BRİKS-in yaradıldığı gündən etibarən regional və beynəlxalq məsələlərdə ölkələr arasında uğurlu əməkdaşlığa nail olduğunu vurğulayıb.

Eyni zamanda, o, İsrailin Qəzza və Livandakı hücumlarına da toxunaraq deyib: "Beynəlxalq hüquqa məhəl qoymayan İsrail, bir çox ölkələrin suverenliyini və qırmızı xətlərini pozdu. Yeni zorakılıq və terror dalğası yaratmaqla, özünün geniş yayılmış cinayətlərinin tarixinə daha bir qara səhifə əlavə etdi. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumlar bu məsələdə lazımi addımları atmadı''.

BRİKS 2010-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılıb. İttifaq illər ərzində Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi yeni üzvlər qazanaraq genişlənib.