"Qərb Gürcüstanı itirmək istəmir" - MÜNASİBƏT BİLDİRİLDİ

24 Oktyabr 2024 17:49 (UTC+04:00)

"Gürcüstandakı seçkiləri Cənubi Qafqazın gələcəyini müəyyənləşdirəcək amil kimi qiymətləndirmək təsadüfi deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, çünki biz bölgədəki güc balansına baxdıqda bunu görə bilərik: "Azərbaycan öz maraqlarına uyğun xarici siyasət yürüdür. Azərbaycan bölgədə balanslaşdırılmış güc rolunu oynayır. İndiyə qədər Ermənistan Rusiyanın təsirində idi, son dövrlər Amerika Rusiyanın təsir dairəsini zəiflədə bilib. Gürcüstanda Qərbin, Amerikanın qazanması Rusiyanın bölgədə zəifləməsi ilə nəticələnə bilər. Ona görə bu seçki onlar üçün çox əhəmiyyətlidir. Əgər seçkidə mövcud hakimiyyət qalib gələrsə, bu, Gürcüstanın tamamilə Rusiyanın nəzarətinə keçməsi demək deyil. Rusiyanın regiondakı mövqelərinin qorunması ilə nəticələnə bilər. Bu baxımdan yanaşdıqda biz güc balansının Qərbin əleyhinə çevrilə biləcəyini görə bilərik. Rəsmi İrəvan məcburdur ki, Rusiya ilə ən azı iqtisadi əlaqələr saxlasın. Bu isə iqtisadi əlaqələr saxlandığı müddətdə Rusiya bu ölkədə mövcuddur və təsir imkanları qalır.

Qərb indiyə qədər daha güclü olduğu Gürcüstanı itirmək istəmir. Gürcüstanı itirəcəyi təqdirdə Rusiyanı sıxışdırmaqla güc balansını xeyrinə dəyişdirmək istədiyi halda gözləmədiyi vəziyyətlə üzləşə bilər. Həm Gürcüstandakı təsir imkanlarını itirə bilər, onsuz da, Ermənistanda istədiyinə nail ola bilməyib. Ermənistandakı mövcudluğun perspektivi sual altındadır. Bu baxımdan Gürcüstandakı seçkilər Qərbin bölgədəki mövcudluğu üçün böyük sınaq nöqtəsi olacaq".

"Bütün bunlarla yanaşı Gürcüstan Qərbin bu bölgədə əsas şəbəkəsinin idarə edildiyi bir ölkədir. Biz bunu son baş verən proseslərdə daha aydın görürük. Gürcüstanda mövcud hakimiyyətin qalib gəlməsi Qərbin təsir imkanlarının zəifləməsidir. Qərbi bu narahat edir. Bu seçkilər həm regionun gələcəyini, siyasi mənzərəsini formalaşdıracaq, həm də güc balansını müəyyən edəcək" - deyə o, əlavə edib.