“Azərbaycanda demək olar ki, ekoturizm yoxdur” - MÜSAHİBƏ

24 Oktyabr 2024 17:26 (UTC+04:00)

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

COP29 ölkəmizə nə vəd edir ?

“COP29 iqlim dəyişiklikləri ilə bağlı keçirilən BMT-nin çərçivə konfransıdır və bu il tədbirə ev sahibliyi etmək ölkəmizə həvalə edilib. COP-un keçirilməsinin əsas məqsədi iqlim dəyişmələri ilə bağlı fəaliyyətin artırılması, eyni zamanda Fransa sazişinin məqsədinin insanlara çatdırılmasını özündə ehtiva edir. COP29-dan gözləntilərimiz çox böyükdür.
Belə ki, istixana qazlarının emissiyası çoxalıb və bunun azaldılması, temperaturun 1.5 dərəcə aşağı salmaq, yaşıl enerjiyə keçid, su ehtiyyatlarınının qorunması kimi mühüm məsələlər müzakirə ediləcək. İqlim dəyişiklikləri hazırda çox böyük fəsadlar törədir. Meşə yanğınlarının artması və su ehtiyyatının azalması da birbaşa olaraq iqlim dəyişmələrinin nəticəsidir.
XVIII əsrdən etibarən sənayeleşmənij başlaması ilə karbon qazının emissiyasına səbəb oldu. Buna görə də getdikcə iqlim dəyişiklikləri öz fəsadlarını daha kəskin göstərir. Bunun qarşısını almadığımız təqdirdə gələcək nəslə heçnə ötürə bilməyəcəyik”.

Ölkəmizdə keçiriləcək COP29-a yetərincə beynəlxalq dəstək göstərilir ?

“Fransa, Amerika kimi dövlətlər Azərbaycanda keçiriləcək COP29-u “boykot” etməyə çalışırlar. Bu cür dövlət və qurumlara qarşı lazımi tədbirlər görülür, qarayaxmaların qarşısı alınır. Həmçinin biz COP29-a tam hazırıq və bu konfransın çox yüksək səviyyədə keçirilməsini təmin etmişik. Keçən il Dubayda keçirilən COP28 də müəyyən qruplar tərəfindən “boykot” edilmək təhlükəsi ilə qarşılaşırdı. Bizim isə Ermənistan kimi mənfur qonşumuz var və onlar əllərindən gələni edirlər ki, COP29-u “boykot” etsinlər. Lakin Azərbaycan bütün bunların qarşısını alır və biz buna tam hazırıq. Bu mənada maarifləndirmə işinin gücləndirilməsi çox mühümdür”.

COP29 maliyyə baxımından Azərbaycana nə qazandıracaq ?

“Turizm inkişaf etdikcə qiymətlər də aşağı düşür. Bu cəhətdən isə biz o qədər də inkişaf edə bilməmişik. Azərbaycanın elə bölgələri var ki, ümumiyyətlə həmin yerlərdə turizmdən söhbət gedə bilməz. Xüsusilə də ekoturizm Azərbaycanda demək olar ki, yoxdur. Buna görə də ilk növbədə ekoturizmi, daha sonra isə kənd turizmini inkişaf etdirməliyik”.

Hazırda ekoloji savadlılıq hansı səviyyədir ?

Ölkəmizdə ekoloji savadlılığın səviyyəsi çox aşağıdır. Çünki ətraf mühitlə bağlı anlayışımız çox aşağıdır. Ətraf mühiti qorumaq, iqlim dəyişmələrinin qarşısını almaq üçün ilk növbədə təbiətə baxışımızı dəyişməliyik. Bu isə ilk olaraq ailədən başlamalı, uşaq bağçalarında ətraf mühitlə bağlı maarifləndirici işlər aparılmalıdır. Uşaqlarla birgə ağacəkmə aksiyaları, təbiətin qorunması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Yalnız bu formada insanların təbiətə baxışı dəyişəcək”.

Yaşıl enerjidən faydalanan hansı ölkənin təcrübəsi bizim üçün yol xəritəsi ola bilər ?

“Azərbaycan üç dövlət ilə pilot layihələr imzalayıb və bu istiqamətdə işlər həyata keçirilir. Ağalı kəndi tamamilə günəş panelləri ilə təchiz olunub. Türkiyədə də çox sayda günəş panelləri qurulub.
Düzdür, bu cür təcrübəyə Avropada da rast gəlmək mümkündür. Lakin isti ölkələrin bu istiqamətdəki təcrübəsi daha çoxdur”.