Gənc memar və tələbələrin növbəti tədbiri

24 Oktyabr 2024 17:08 (UTC+04:00)

Son illərdə Azərbaycan Memarlar İttifaqı (AMİ) respublikamızın mədəni və sənət həyatında aktiv fəaliyyət göstərir. İndiyədək Azərbaycanda artıq altı dəfə keçirilmiş Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi, Beynəlxalq Memarlar İttifaqının ilk Ümumdünya Bakı Forumu, bölgələrimizdə, o cümlədən də işğaldan azad edilmiş Şuşada baş tutan plenumlar və s. buna bariz nümunələrdir.

Memarlar İttifaqının əsas fəaliyyət istiqamətlərindən birini də gənclərlə iş təşkil edir. Bu işin səmərəli şəkildə qurulması üçün illər əvvəl İttifaqın nəzdində yaradılmış Gənc Memarlar və Tələbələr klubu tez-tez müxtəlif mədəni tədbirlər keçirərək gəncləri öz ətrafına daha sıx toplamaq sahəsində yeni-yeni uğurlar əldə edir.

Klubun bu cür tədbirlərindən biri də oktyabrın 22-də Bakıda baş tutub. Gənc memarların və tələbələrin müasir dünyadakı texnoloji nailiyyətləri öz memarlıq layihələrində tətbiq etmək bacarıqlarının inkişafı məqsədilə keçirilmiş bu tədbirə Azərbaycanın Əməkdar memarları Elbay Qasımzadə və Nazim Vəliyev, Klubun qurucularından biri, Memarlar İttifaqının katibi Şeyda Novruzzadə, eləcə də digər təcrübəli memar və dizaynerlər də qatılıblar. Məişət texnikası sahəsində lider kimi tanınan “Miele” brendinin paytaxtımızın mərkəzindəki yeni nümayiş salonunun açılış gününə təsadüf etmiş həmin görüşdə memarlar və dizaynerlər yeni texnoloji nailiyyətlərə tanış olmaqla yanaşı, ayrı-ayrı viktorinalarda da iştirak etmiş, çağdaş məişət məhsullarının interyer layihələrində səmərəli, yüksək estetika və zövqlə istifadəsi ilə bağlı ustad memarların qiymətli tövsiyələrini maraqla dinləmişlər. Elə buradaca təşkil olunmuş bilik yarışmasında daha çox fərqlənmiş gənclərdən 3 nəfəri 125 yaşlı “Miele”nin Almaniyadakı istehsal sahələrinə səyahət etmək imkanı qazanmışlar.

Əyləncəli keçən tədbirdə Xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi rəqqaslar qrupunun milli rəqslərimizlə çıxışları da gənclər tərəfindən sevinclə qarşılanmışdır.

İnamla söyləmək olar ki, AMİ-nin yetirməsi olan Gənc Memarlar və Tələbələr klubunun bu növbəti tədbiri sabahın gənc layihəçilərinin sənət yolları ilə inamla addımlamaları, öz yaradıcı təxəyyüllərini cilalamaları işinə müsbət təsirini göstərəcək.

Sonda qeyd edək ki, bu mədəni və sənət tədbirinin təşkilatçılarından biri olan “Miele” şirkətinin istehsal sahələri Almaniya ilə yanaşı, Avstriya və Çexiyada da həyata keçirilir. Uzun ömürlü və yüksək texnologiyalı “Miele” premium məişət cihazları bir çox dünya memarlarının öz içməkan layihələrində həvəslə istifadə etdikləri tanınmış məhsullardandır.