Bakıda kişi qətlə yetirilib, arvadı tutulub - YENİLƏNİB

24 Oktyabr 2024 15:21 (UTC+04:00)

Oktyabrın 24-də saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə SİA-ya Xətai rayon Prokurorluğu məlumat verib.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.