“Azərbaycan dövləti prosesi diqqətlə izləyir” - ŞƏRH OLUNDU

24 Oktyabr 2024 15:18 (UTC+04:00)

“Qonşu Gürcüstanda gedən siyasi proseslər Azərbaycan üçün də çox böyük önəm kəsb edir. Çünki Ermənistanla gərgin münasibətlər fonunda Gürcüstanla Azərbaycan arasındakı yaxşı münasibətlərin davam etməsində maraqlıyıq. Amma Gürcüstanın daxilində ikitirəlik var. Orada bir qrup insan Qərbə, hakimiyyətdə olan qüvvələr isə Rusiya tərəfə meyllidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, baş verən hadisələr ölkə ictimai rəyinin dayanmadan çalxalandığını göstərir: “Bu seçkiöncəsi ölkədə olan vəziyyətdir və kimin qalib gələcəyi məsələsi Azərbaycan üçün də önəmlidir. İndiki şəraitdə Azərbaycan status-kvonun saxlanılmasında maraqlıdır.

Gürcüstandakı seçkilərdə qərbyönümlü hissə qalib gələrsə, Azərbaycanla münasibətlərdə gərginlik müşahidə oluna bilər. Rusiyaya meylli qüvvələr isə hakimiyyəti qoruyub saxlaya bilsələr bu Azərbaycan üçün sabitliyin davam etməsi deməkdir. Çünki hazırda Rusiyaya nisbətən yumşaq yanaşan Gürcüstan hakimiyyəti, eyni zamanda Azərbaycan dövləti ilə də yetərincə normal davranır, anti-Azərbaycan koalisiyalara qoşulmur, Qərbdə Azərbaycana qarşı olan təbliğat kampaniyalarında Gürcüstan hakimiyyəti yer almır. Bu baxımdan Azərbaycan dövləti bu prosesi diqqətlə izləyir.
İstənilən halda bizim üçün ilk variant hazırki hakimiyyətin mövqeyini qoruyub saxlaya bilməsidir. İkinci variant isə qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi zamanı Saakaşvili imkanlarından istifadə etməkdir”.