"Ermənistan yeni müharibə ocaqları yaratmağa çalışır" - MÜNASİBƏT BİLDİRİLDİ

24 Oktyabr 2024 09:29 (UTC+04:00)

"Ermənistan həmişə olduğu kimi son dövrlərdə də qeyri-konstruktiv mövqe nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, Ermənistan xarici havadarlarının, Avropa ölkələrinin, Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə həm müharibə ritorikalarını artırır, həm də kütləvi şəkildə silahlandırılır: "Bu isə o deməkdir ki, Ermənistan daha çox bölgədə yeni müharibə ocaqları yaratmağa can atır. Ermənistanın sülh müqaviləsi imzalamaqla bağlı heç bir əməli, yaxud da, real addımı görünmür. Əgər belə olmasa idi Ermənistan Azərbaycanın irəli sürdüyü bir neçə haqlı tələbləri qeyd-şərtsiz yerinə yetirərdi. Bölgəmizdə Azərbaycanın sülh və təhlükəsizlik istəklərinin yerinə yetirilməsinə şərait yaradardı. Amma biz, təəssüf ki, Ermənistanın bu niyyətini görmürük. Ermənistan daha çox Cənubi Qafqazda yeni müharibə ocağı yaranmasına çalışır. Əlbəttə ki, bu prosesdə heç də öz iradəsi ilə deyil, Qərbin və digər beynəlxalq havadarlarının dəstəyi ilə prosesi daha da təhlükəli vəziyyətə gətirib çıxarır. Ermənistanın kütləvi şəkildə silahlandırılması beynəlxalq dairələrin dəstəyi ilə öz ərazilərində tez-tez hərbi təlimlər keçirməsi, Amerika Birləşmiş Ştatlarının hərbiçilərinin Ermənistanda hərbi təlimlər keçirməsi Avropa İttifaqı "missiyasının" tez-tez Azərbaycanla sərhədə gəlməsi və orada müəyyən təxribatçı müşahidələr və hərəkətlərə yol verməsi onu göstərir ki, Ermənistan çox ciddi cəhdlə sülhdən uzaqlaşır. Sülh imzalama istəmir".

"Ermənistanın işğalçı mahiyyəti də bundan ibarətdir ki, Ermənistan daim seperatizm və terrorçuluq siyasəti həyata keçirir. Bu siyasətin formalaşmasında onun xarici havadarlarının da çox böyük rolu olub. Məqsəd aydındır, çünki həmin dairələrin alətinə çevrilən Ermənistan bu gün Azərbaycana qarşı təzyiq və təhdid vasitəsi kimi istifadə olunur. Bu da çox böyük təhlükəli prosesdir. Çünki əgər Azərbaycan Ermənistanın bu qeyri-konstruktiv mövqeyinə qarşı çox ağır şəkildə zərbələr vurarsa, bu zaman Ermənistan üçün çox faciəvi nəticələrə gətirib çıxaracaqdır" - deyə o, əlavə edib.