Yens Larke Qəzzadakı humanitar vəziyyəti qiymətləndirdi

23 Oktyabr 2024 20:16 (UTC+04:00)

İsrailin mühasirə altındakı Qəzza zolağının şimalına humanitar yardımın daxil olmasının mane olduğu bildirilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Yens Larke, Qəzza zolağının şimalındakı humanitar vəziyyətlə bağlı açıqlama verib.

SİA-nın əldə etdiyi məlumata görə, o, qeyd edib ki, oktyabr ayında Qəzzanın şimalına yalnız bəzi yardımlar daxil olub. 6-20 oktyabr tarixləri arasında Beyt Hanun, Cibaliya və Beyt Lahiya bölgələrinə humanitar yardımın çatdırılması üçün edilən 28 müraciətin İsrail səlahiyyətliləri tərəfindən rədd edildiyini, 7 müraciətin isə əngəlləndiyini bildirib.

Larke, oktyabrın ilk 20 günü ərzində Qəzzanın cənubundakı keçid məntəqəsindən şimala planlaşdırılan 66 humanitar yardım missiyasından yalnız 4-nə icazə verildiyini vurğulayıb. Bu ayın ilk iki həftəsində humanitar yardımın 85 faizinin rədd edildiyini bildirib. 2-15 oktyabr tarixləri arasında bölgəyə ərzaq yardımının çatdırılmasına icazə verilmədiyi də qeyd olunub.

OCHA-nın sözçüsü, oktyabrın 19-da Qəzzanın şimalındakı bir neçə bölgəyə baş çəkən komandanın orada həddindən artıq sıxlıq səbəbindən sığınacaq dəstəyinə təcili ehtiyac olduğunu, bəzi köçkünlərin isə hazırda tualetlərdə yaşadıqlarını bildirdiyini vurğulayıb.