Rutte Türkiyənin BRİCS üzvləri ilə yaxınlığı haqqında açıqlama verib

23 Oktyabr 2024 18:15 (UTC+04:00)

NATO-nun Baş katibi Mark Rutte Türkiyənin BRİCS üzvləri ilə əməkdaşlıq etmək məsələsində suveren hüquqa malik olduğunu söyləyib. SİA-nın əldə etdiyi məlumata görə, o, Estoniyanın Baş naziri Kristen Mixal ilə paytaxt Tallində keçirdiyi birgə mətbuat konfransında açıqlamalar verib.

Türkiyənin BRİCS-ə müraciətinin narahatlıq doğurub-doğurmadığı ilə bağlı sualı cavablandıran Rutte "Türkiyənin BRİCS tərəfdaşlarından bəziləri ilə əməkdaşlıq etdiyini bilirik. Bunu etmək onların suverenlik haqqıdır" deyə bildirib.

Baş katib bu vəziyyətin bəzən ikitərəfli və ya NATO daxilində müzakirələrə səbəb olmasına baxmayaraq, Türkiyənin ittifaqda oynadığı mühüm rolu vurğulayıb. O, Türkiyənin NATO üçün çox önəmli bir müttəfiq olduğunu qeyd edib: "Türkiyə NATO-nun ən yaxşı təchiz edilmiş hərbi güclərindən birinə sahibdir. NATO coğrafiyasının öz bölməsində (cənub-şərq cinahında) çox əhəmiyyətli rol oynayır və bir çox qabiliyyətlər təqdim edir."

Mark Rutte Türkiyənin uzun illərdir NATO-nun bir hissəsi olduğunu xatırladaraq əlavələr edib: "Türkiyənin uzun illərdir ittifaqın ayrılmaz hissəsi olmasından böyük sevinc və məmnuniyyət duyuruq. Təbii ki, ittifaq daxilində bir demokratiya olaraq, 32 ölkə arasında müxtəlif məsələlər barədə həmişə müzakirələr olacaqdır."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün başlayacaq 16-cı BRİCS Liderlər Zirvəsində iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazana gedir.

2009-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən qurulan BRİCS illər ərzində genişlənib. Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də bu birliyin üzvləri arasına qoşulub.