İsrail bu dəfə Livanın tarixi liman şəhərinə hücum etdi

23 Oktyabr 2024 16:31 (UTC+04:00)

İsrail ordusu evakuasiya əmri verdiyi Livanın tarixi liman şəhəri Tireni vurub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu səhər saatlarında Livanın cənubunda tarixi binaların yerləşdiyi Tire şəhərinin boşaldılması əmri verib və bir müddət sonra şəhərə hava zərbəsi endirib. Hücumdan sonra binalardan tüstü qalxarkən yerli mənbələr İsrail ordusunun şəhəri ən az 5 dəfə hədəfə aldığını bildirib.

İsrail Silahlı Qüvvələrinin sözçüsü Aviçay Adraee səhər verdiyi açıqlamada şəhərə təxliyə çağırışı edərək deyib: “Dərhal göstərilən ərazilərdən uzaqlaşaraq şimala Avali çayına doğru getməlisiniz. Hizbullah obyektlərinin və silahlarının yaxınlığında olan hər kəs həyatını riskə atır”.

Qeyd edək ki, Aralıq dənizi sahilində yerləşən Tire bölgənin ən qədim və tarixi əhəmiyyətli şəhərlərindən biri hesab olunur. Ən az 4 min il əvvələ aid yaşayış məntəqəsi olan şəhər UNESCO-nun Dünya İrs Siyahısında da var.