Qasırğa 14 nəfərin həyatına son qoyub

23 Oktyabr 2024 16:06 (UTC+04:00)

Filippində quruya çıxması gözlənilən "Trami" tropik fırtınasının səbəb olduğu güclü yağış və daşqınlar nəticəsində 14 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Filippinə yaxınlaşan "Trami" tropik qasırğası ölkənin sahilyanı hissəsində güclü yağış və daşqınlara səbəb olub.

Ölkədə həyata mənfi təsir göstərən tropik "Trami" qasırğası səbəbindən minlərlə insan evlərini tərk etməli olub. Ölkənin Luzon şəhərində dövlət idarələri və məktəblər ehtiyat tədbiri olaraq bağlanıb. Güclü yağışın müşahidə edildiyi Bikol bölgəsində sel suları bungalov evlərinin damına çatdığından minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Polis, Bikol bölgəsinin Naqa şəhərində ən azı 12 nəfərin həyatını itirdiyini bildirib. Regional Mülki Müdafiə İdarəsi Bikol rayonunun müxtəlif yerlərində 22 yaşlı gəncin ağac aşması, 71 yaşlı kişinin isə evin damından yıxılaraq ölməsi nəticəsində ölənlərin sayının 14-ə yüksəldiyini bildirib.

Filippin prezidenti kiçik Ferdinand Markos xilasetmə qruplarına fırtınanın gecə və ya sabah səhər quruya çıxmazdan əvvəl lazımi hazırlıqları görməyi tapşırıb.