Yenə boyunduruq məsələsi - BAXIŞ BUCAĞI

23 Oktyabr 2024 15:57 (UTC+04:00)

Dünya düzəlmir ki, düzəlmir baba. Bir də “qozbeli qəbir düzəldər”, deyib atalar. Hərdən dəhşətə gəlirəm ki, Əli Kərimli qarışıq, bəzi “siyasətçilər” Azərbaycanı nə vaxtsa idarə ediblər, xalqın adından kimlərəsə söz veriblər, məsləhət-məşvərət ediblər, hətta Qarabağ kimi böyük dərdimizi guya çözməyə çalışıblar. Yox, Kərimliyə qarşı qərəzim, qəsdim yoxdur, zatən hər kəs həyatda öz əməlinə görə iz qoyur, cəzasını kəsən də Ulu Tanrıdır. Sadəcə, bu adamın vaxtaşırı çıxıb Azərbaycanın dərdinə yanırmış kimi özünü göstərməsi adamı istər-istəməz ötən illərə aparır, 1988-91 və 92-93-cü illərə...

O qanlı-qadalı, xalqımızın ölüm-dirim savaşı illərində, ermənilərin mərkəzi hakimiyyətin gözü qabağında Qarabağda, sərhədyanı kəndlərdə yaşayan azərbaycanlıları zorla, silah gücünə döyə-döyə, öldürə-öldürə öz evindən çıxardığı bir vaxtda, əsir-yesir etdiyi, yurdunu talan etdiyi bir zamanda Əli Kərimlinin də mənsub olduğu zümrəni yalnız hakimiyyət, iqtidar kreslosunu ələ keçirmək maraqlandırırdı. Qısası, məhz hakimiyyət üstündə gedən amansız dava nəticəsində Qarabağı və ətran 7 rayonu itirdik. “Tək neftimizi satmaqla xalqımızı şah kimi yaşadacağıq” deyən cəbhəçilər hakimiyyətdə olduqları bir il ərzində yalnız Ermənistana yanacaq sata bildilər. Bunu mərhum prezident Elçibəy 1993-cü ilin may ayında Prezident Aparatında keçirdiyi son müşavirəsində, Əli Kərimlinin qulağının dibində etiraf etmişdi.

Bu gün Kərimli və onun yanındakı cəbhəçiləri bütün bunları inkar edirlər. Halbuki, Vəzirovun və Mütəllibovun dövründə də hakimiyyət “de-fakto” cəbhəçilərin əlində idi, istədiklərini edirdilər, idarəçiliyi iflic vəziyyətə salmışdılar. Yox, elə düşünməyin ki, Vəzirov, yaxud Mütəllibov nə isə etmək istəyirdilər. Onlar idarəçilikdən qismən başları çıxsa da, mərkəzi hakimiyyətin qapazı altında idilər, müstəqil hərəkət edə bilmirdilər. Cəbhəçilər isə guya milli maraqlardan çıxış etmək kimi xalqın içindən keçən hislərlə hərəkət etdikləri görüntüsü yaradırdılar. Amma aralarında Şimala, Cənuba, Qərbə işləyənlər, işverənlər, casuslar o qədər çox idi ki, kimin doğru, kimin yalan olduğunu ayırd etmək də çətin idi. Halbuki, bu komandanı cəbhəçi liderlərin özləri formalaşdırmışdılar. Bəli, səriştəsizlik, milli yox, şəxsi maraqlardan çıxış etmək kimi yanlış addımlar xalqımızı daha böyük bəlalarla baş-başa qoydu, torpaqlarımızı itirdik. Əlbəttə, cəbhəçilər sonradan məşhur “biz cəmi bir il hakimiyyətdə olduq”, müdafiə metodunu seçəcəkdilər. Guya növbəti illərdə bütün yanlışlıqların öhdəsindn gələcəkmişlər. Dediyimiz kimi, əslində cəbhəçilər özlərindən əvvəlki hər iki moskvapərəst hakimiyyətin dövründə ölkəni “de-fakto” idarə edirdilər.

Bu gün cəbhəçilərin külündə hələ də eşələnən Kərimli 30 il əvvəl olduğu kimi özünü yox başqalarını ittiham edir. 30 ildir ki, bu adam Azərbaycanın inkişafı üçün bir qarış addım atmayıb, bir misqal yük qaldırmayıb, canında olan 1 kilokalori enerjini öz məsrəfləri üçün yandırıb, bütün imkanlarını ölkəni dinamik inkişaf səviyyəsində saxlayan hakimiyyətə qarşı səfərbər edib. Xaricdən aldığı Sorosun milyonlarını ölkədə xaosa xərcləyib, sifarişli aksiyalarla Azərbaycanı beynəlxalq aləmdə demokratiyanın olmadığı ölkə kimi təqdim etmək istəyib. İnsan haqlarının qorunmadığı ölkə imici formalaşdırmaq üçün dəridən-qabıqdan çıxıb.
Əli Kərimli sosial şəbəkə hesabında “Haradan haraya gəldik və ya İlham Əliyev rejimi ölkəni inkişafdan necə saxlayır?” cümləsi ilə başlayan status yazıb. Maraqlıdır, biz hardan hara gəlmişik? Bəlkə, ölkəmizdə heç bir dəyişiklik baş verməyib, yoxsa gördüklərimiz illüziyadır, ilğımdır? Böyük Sabirdən misal çəkərək yazır ki, "Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz". Bu adam həqiqətən gerizəkalıdır, qərəzbazdır, qara yaxmaq üçün “erməniyə dayı deyən”birisidir. Deyir, “GUAM üzrə müttəfiqlərimiz Moldova və Gürcüstan Avrointeqrasiya yolunda böyük uğurlar qazanarkən İlham Əliyev də Azərbaycanı israrla irtica düşərgəsinə, avtoritarlar klubuna tərəf aparır”. Əcəba, Moldovada, Gürcüstanda nə baş verir ki? Bəlkə, bizim bilmədiklərimiz var? Hər iki ölkədəki bəzi marginal, avropalıların casusu olmaq üçün sıraya düzülən, azlıqlara biət edən, onların dərdini kəndi dərdi kimi qəbul edən qruplar ölkənin boynuna növbəti boyunduruğu salan birisini axtarırlar. Yəni, Rusiyanın qapazı altından çıxıb Qərbin qapazı altında qalmaq. Bir sözlə, bunlar qapazvuranların çox olduğu çətir axtarırlar.

Diqqət edin, Moldovada Avropaya üzv olmaq üçün referendum keçirilib. Seçicilərin 50,46 faizi inteqrasiyaya “hə”, 49,54 faizi isə yox deyib. Sadə dillə desək, Moladova sakinlərinin tam yarısı Avropa Birliyinə üzv olmaqdan imtina edir. Amma, bir faizlik üstünlüyü əllərində bayraq edənlər qalib gəldiklərini, artıq avropalı olduqlarını düşünürlər. Bu, ədalətlidirmi? Referendum moldovalıların böyük əksəriyyətinin rəyi sayəsində baş tutmuş hesab edilə bilər, bu, prezident, yaxud parlament seçkiləri deyil ki, kiçicik üstünlük qalibi müəyyənləşdirsin.

Avropalıların “fədəkar əməyi” sayəsində bu gün Gürcüstan vətəndaş müharibəsi ərəfəsindədir. Oktyabrın 26-da keçiriləcək parlament seçkilərini ölkənin taleyini həll edəcək çox mühüm hadisə adlandıran ekspertlər qorxunc və arzuolunmaz hadisələrin yaşanacağını istisna etmirlər. Tərəflərdən heç biri, nə hakimiyyət partiyası “Gürcü Arzusu”, nə də hakimiyyətə iddialı “Demokratik Birlik” məğlub olmağı düşünmür. Əksinə, sandıqdan çıxacaq nəticələrdən tərəflərdən biri razı qalmayacaq. Bəli, GUAM üzvü olan Moldova və Gürcüstanda vəziyyət belədir. Sabahı müəmma olan hər iki ölkəni nələr gözlədiyini proqnozlaşdırmaq çətin deyil.

Məsələyə digər tərəfdən yanaşaq, Ukrayna, Moldova və Gürcüstan hələ də separatizmdən əziyyət çəkməkdədirlər. Çünki, hələ də öz güclərinə yox, başqalarının çətirinə ümid bəsləyirlər. Azərbaycan isə balanslı siyasəti nəticəsində, öz imkanlarını səfərbər edərək, etibarlı dostlar qazanaraq ərazisində 26-30 il mövcud olan, həm də Əli Kərimlinin əmrində müntəzir durduğu Qərbin dəstəyi ilə ölkəmizi təhdid edən erməni separatizminin kökünü qazıb ata bildi. Fərq budur. Məsələ, Avropada, yaxud Rusiyada, onların çətiri altında durmaqla bitmir, öz sözün, əməlin, siyasətin, iqtisadi, hərbi gücün olmasa istənilən yerdə potensial maşa statusunda yaşamalı olacaqsan.

V.VƏLİYEV