"Yeni bir valyuta yaratmaq BRİCS ölkələri üçün ciddi işdir" - ŞƏRH EDİLDİ

23 Oktyabr 2024 15:53 (UTC+04:00)

"Dünəndən BRİCS sammiti başlayıb. Dünən Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşdü. Çinin lideri ilə görüşlər keçirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, bu gün Azərbaycan Prezidenti BRİCS-in sammitinə qoşuldu: "Biz də BRİCS-ə üzv olmaq üçün ərizə yazmışdıq. Eyni zamanda Türkiyə də BRİCS-ə NATO ölkəsi olaraq qoşulmaq istədiyini bildirib. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da ordadır.

Rusiya istəyir ki, BRİCS ölkələri arasında yeni bir valyuta, maliyyə qovşağı yaratsın. Ancaq görünən odur ki, hələlik bu məsələ alınmır. Onlar çalışırlar ki, dollardan yaxalarını qurtarsınlar, bir-biri ilə mal mübadiləsi zamanı özlərinin valyutalarından istifadə etsinlər. Hətta İran Prezidenti Pezeşkian da bildirib ki, Amerikanın totalitar təzyiqindən yaxa qurtarmalıdırlar. Onun üçün də cəhdlər aparılır. Xüsusilə də, yeni bir valyuta yaratmaq BRİCS ölkələri üçün ciddi işdir. Hələlik heç bir şey yoxdur.

Azərbaycanın da burada öz maraqları var. Azərbaycanı dəstəkləyən ölkələr var. Onlarla iqtisadi münasibətləri qurmaq lazımdır. Bunun üçün də Azərbaycan da bu təşkilatda üzv olmaq istəyir. Bu gün Prezident İlham Əliyevin Kazanın rəisi tərəfindən şəxsən yüksək səviyyədə qarşılanması Azərbaycan Prezidentinin yüksək statusundan xəbər verir".

Onun sözlərinə görə, bu gün BRİCS-də tədbirlər olacaq: "Çox güman ki, Azərbaycan Prezidenti ilə Rusiya Prezidentinin görüşləri olacaq. Burada da Azərbaycan-Ermənistan münasibətləri söhbəti olacaq. Üçtərəfli görüşün, yəni Azərbaycan-Rusiya-Ermənistan görüşünün olması hələlik gözlənilmir. Ola bilsin ki, ikitərəfli görüşlər olsun. Bu da Azərbaycanla Ermənistan arasındakı mübahisənin bağlanması haqqındadır. Çünki son günlər bu sahədə mövzu gündəmdədir. Buna misal olaraq ABŞ Prezidenti Baydenin Azərbaycan Prezidentinə, Ermənistan baş nazirinə göndərdiyi məktubları göstərmək olar. Məktublarda xahiş edir ki, ilin sonuna kimi sülh müqaviləsi imzalansın.

BRİCS-in sammitində iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatının baş katibi Quterreş də gəlib. Ancaq Quterreşin BRİCS-də iştirak etməsi, Rusiyaya gəlməsini Zelenski qətiyyətlə pisləyib. BRİCS sabah yekunlaşacaq. Hesab edirəm ki, bu da irəliyə atılan addımlardır. Azərbaycan-Rusiya iqtisadiyyatını, diplomatik gücünü daha da artıracaq".