“Gürcü xalqı öz gələcəyinə səs verməlidir“ - FİKİR BİLDİRİLDİ

23 Oktyabr 2024 14:52 (UTC+04:00)

“Gürcüstandakı seçkilərin gərgin keçəcəyi əvvəldən məlum idi. Görünən odur ki, artıq Qərb hərəkətə keçib, öz resurslarını işə salıb. Uzun illər ərzində vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media sahəsində aparılan fəaliyyətin nəticəsi bu gün göz qabağındadır. Qərb məhz bu resurslara güvənərək Gürcüstan ərazisində müxtəlif təxribatların törədilməsini həyata keçirə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, seçkilərin nəticəsini gözləmədən seçkilərlə bağlı ümumi rəyə təsir etmək üçün Gürcüstanda əhalinin bir qisminin hakimiyyət əleyhinə etirazları görünür. Bu həm də proseslərin arxasında olan qüvvələrin öz məqsədlərinə çatmaqda maraqlı olduqlarını deməyə əsas verir. Lakin digər tərəfdən “Gürcü Arzusu” partiyasının da dayaqları möhkəmdir.

Ümumilikdə Gürcüstandakı seçkidə beş siyasi qüvvə mübarizə aparacaq, iki partiyanın isə şansları daha yüksəkdir. Onların arasında “Gürcü Arzusu”na etimad edənlər daha çoxdur. Bu baxımdan artıq Qərb öz maraqlarını burada tətbiq etmək niyyətindədir. Gürcüstana müxtəlif vədlər verərək Cənubi Qafqazda möhkəmlənmək istəyir. Digər tərəfdən cəzalandırma mexanizmləri də işə düşüb. Sanksiyalarla bağlı hədələmələr, digər tərəfdən Avropaya gedən Gürcüstanın yolunu kəsmək üzərində də iş aparılır. Oktyabrın 26-da gürcü xalqı öz gələcəyinə səs verməlidir və nəticənin müstəqil siyasətin yürüdülməsi yönündə olması arzuolunandır”.