"Azərbaycan bütün bunları təkbaşına edir" - MÜNASİBƏT BİLDİRİLDİ

23 Oktyabr 2024 14:43 (UTC+04:00)

"Köç prosesinin konkret olaraq nə zaman yekunlaşacağını dəqiq bilmək olmaz". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, bu ərazilər işğal dövründə ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. O cümlədən ciddi mina təhlükəsi var. Bu proses həm quruculuq işlərinin aparılması, həm də minaların təmizlənməsi, təhlükəsizliyin bərpa edilməsini proqnozlaşdırmağı çətinləşdirir. Bu baxımdan o ərazilərə köç müəyyən zaman ala bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan bütün bunları təkbaşına edir. İndiyə qədər beynəlxalq ictimaiyyət adı altında fəaliyyət göstərən təşkilatlar, dövlətlər işğal dövründə minaların təmizlənməsi adı altında separatçılara pullar verirdilər. Həmin dövlət və təşkilatlar bu gün sakit durublar. Azərbaycana dəstək vermirlər. Azərbaycan dost ölkələrin köməyi ilə müəyyən irəliləyiş həyata keçirib. Son zamanlar orada qurulan infrastruktur, qayıdan insanların sayı deməyə əsas verir ki, Azərbaycan bu prosesi uğurla həyata keçirə bilir. Bu prosesdə dünyanın Azərbaycana dəstək verməməsi, haqsız olaraq mövqe sərgiləməsi işimizi çətinləşdirir. Dost ölkələr Azərbaycanın yanında olsalar da, beynəlxalq hüquqdan, minalara qarşı mübarizədən bəhs edən ölkələr Azərbaycana dəstək vermirlər, qərəzli mövqe sərgiləyirlər. O baxımdan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpa prosesi həm çətindir, həm də böyük yükdür.

XXI əsrin əvvəlindən başlayaraq dünyada baş verən proseslərə baxdıqda müharibələr zamanı dağıdılmış bir çox ərazilərin beynəlxalq ictimaiyyətin dəstəyi ilə qısa müddətdə bərpa edilmə prosesini görmüşük. Vaxtilə ikinci dünya müharibəsindən sonra müharibədən əziyyət çəkmiş ölkələrin bərpası məsələsi də var idi. Bu gün Ukraynanın bərpası ilə bağlı pullar ayrılıb. Nəzərə almalıyıq ki, Azərbaycanın 30 il ərzində işğal altında qalmış bu əraziləri heç bir müharibə ilə müqayisə oluna bilməz. Bizim şəhərlərimiz tamamilə yer üzündən silinib. Sanki oralarda şəhər, yaşayış olmayıb. Quru torpaqların üzərində yenidən şəhər salmaqdan söhbət gedir. Azərbaycan bu məsələdə də beynəlxalq birlik tərəfindən ədalətsiz mövqe ilə qarşılaşır".

"Azərbaycanın son dövrlərdə həyata keçirdiyi böyük işlər ümidlər yaradır ki, minaların təmizlənməsi daha qısa müddətdə həyata keçiriləcək, infrastrukturun qurulması, şəhərlərin yenidən salınması təmin ediləcək. Biz bu sürəti görmüşük. Təbii ki, Azərbaycan dövlətinin siyasi iradəsindən qaynaqlanır. Həm də nəzərə almalıyıq ki, insanlar 30 il ərzində evlərindən uzaq düşmüşdülər. Azərbaycan dövləti bu amili də nəzərə alaraq daha qısa müddətdə qayıtmanı dəstəkləyir. Bu proses göstərir ki, yaxın zamanda daha da sürətlənəcək. Beynəlxalq hüquqdan danışan beynəlxalq birliyin ədalətsizliyinə rəğmən Azərbaycan azad edilmiş ərazilərini qısa müddətdə bərpa edib insanları evlərinə qaytara biləcək" - deyə o, əlavə edib.