"Həmin ssenari Gürcüstana tətbiq olunur" - MÖVQE BİLDİRİLDİ

23 Oktyabr 2024 12:50 (UTC+04:00)

"Təkcə Gürcüstan yox, eyni zamanda digər Cənubi Qafqaz ölkələri Qərb siyasətinin hədəfindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, biz görə bilərik ki, illər öncə Azərbaycana qarşı belə addımlar atılırdı: "Sadəcə olaraq Azərbaycan hakimiyyəti beynəlxalq münasibətlərin subyekti olduğunu dəfələrlə təsdiqləyib. Xaricdən olan müdaxilələri müvəffəqiyyətlə dəf etmişdi. Ona görə də Azərbaycanla bu cür oyunlar alınmayıb. Müxtəlif dövrlərdə belə cəhdlər olub. O cümlədən bizim daxili-siyasi səhnəmizə qarışmaq cəhdləri olub. İndi də davam edir. Amma heç bir nəticə vermir. Çünki Azərbaycan dövləti və cəmiyyəti bu təhdidlərə davamlıdır. Qonşu Ermənistanda bu cəhdlər bir neçə il bundan əvvəl olub və görünən odur ki, Qərb üçün müvəffəqiyyətlə nəticələnib. Belə ki, hal-hazırda Ermənistanın daxili-siyasi səhnəsi, demək olar ki, Qərbin əlindədir.

Həmin ssenari də Gürcüstana tətbiq olunur. Ancaq Gürcüstan hakimiyyəti kifayət qədər uzaqgörənlik edib və bir neçə ay bundan əvvəl qanun qəbul edib ki, bu qanun Qərbin qrantlarının ölkədə yayımlanması ilə bağlı müəyyən məhdudiyyətlər törədir. Bu məhdudiyyətlər imkan vermir ki, qrant təşkilatlar istədiyi kimi siyasətlərini Gürcüstana yürütsünlər. Gürcüstan Qərb üçün çox əhəmiyyətlidir. Çünki Qara dəniz hövzəsinin Qərb ölkələri ilə rabitəsini nəzərə alsaq, Gürcüstan Qərb üçün Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya da qapı rolunu oynayır. Bu darvazanı əlində saxlamaq üçün onlar əllərindən gələni edirlər. Demokratiya, demokratik haqların müdafiəsi adı ilə bu addımlar atılır".

"Məqsəd Gürcüstanda da Ermənistandakı kimi loyal hakimiyyətin gətirilməsindən ibarətdir, Cənubi Qafqazda prosesləri Qərb üçün idarə olunan səviyyəyə gətirib çıxarmaqdır. Digər istək də ondan ibarətdir ki, həm Gürcüstan, həm Ermənistan Qərbin əlində alətə çevriləndən sonra Azərbaycana təzyiq göstərməyin daha rahat olacağını düşünürlər. Azərbaycanı nəticə etibarilə öz şərtlərinə gətirə biləcəklərini düşünürlər. Yenə də əsas məqsəd Cənubi Qafqazda öz siyasi nüfuzunu möhkəmləndirməkdir. Gürcüstan hakimiyyəti, siyasi elitası başa düşür ki, bu siyasətin axırı olmayacaq. Bu siyasət Gürcüstan xalqını, dövlətini Qərb siyasətinin girovuna çevirə bilər. Müqavimət göstərir. Bu müqavimət nə dərəcədə davamlı olacaq, nə dərəcədə effektli olacaq bunu yaxın günlər göstərəcək" - deyə o, əlavə edib.