“COP29-a qədər sülh müqaviləsinin imzalanması mümkün görünmür” - POLİTOLOQ FİKRİ

23 Oktyabr 2024 11:47 (UTC+04:00)

“Ermənistanın hərbi-siyasi hakimiyyəti heç vaxt suveren xarici siyasət konsepsiyasına daxil olmayıb. Belə ki, fərqli mərhələlərdə fərqli ağalar tərəfindən idarə olunan Ermənistanın bu gün Qərb-Rusiya qarşıdurmasında meydana çevrilməkdə olduğunu görürük. Bunun özü belə Ermənistanda müstəqil xarici siyasət konsepsiyasının olmadığını, dövlətin milli maraqlarını öz maraqlarına asanlıqla qurban edəcəyini aydın şəkildə sübut edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O bildirib ki, Qərb dövlətlərinin Cənubi Qafqaza nüfuz etmək üçün Ermənistandan alət olaraq istifadə etdiyini son baş verən hadisələrin nümunəsində aydın şəkildə görürük: “Çünki Qərb dövlətləri əvvəl mülki missiya adı altında öz mövcudluğunu Ermənistan ərazisində qorumağa çalışdı. Daha sonra isə hərbiləşdirmə, qarşılıq gözləmədən Ermənistana yüksək hərbi texnikanın verilməsi, dırnaqarası qaçqın şosunun yaradılması, Azərbaycanın milli maraqlarını və bütövlüyünü hədəf alacaq çıxış və bəyanatlarda Ermənistan vasitəsilə hadisələri manipulyasiya etməyə çalışan Qərb əslində bu niyyətinə müəyyən mərhələlərdə nail olmuşdu. Uzun müddət davam edən danışıqlar dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin uzun müddət işğal altında saxlanılması da məhz Qərbin onu himayə etməsinin bariz nümunəsi idi.
Təəssüflər olsun ki, Azərbaycanın haqq işinin müdafiə olunması məsələsində xarici dövlətlərdə eyni qətiyyəti müşahidə edə bilmirik. Əksinə Azərbaycanın atdığı ədalətli və beynəlxalq hüquqa əsaslanan addımlar qeyri-konstruktiv yanaşmalarla qarşılanır. Bu cür mövqenin nümayiş etdirilməsinin özü belə göstərir ki, Qərb dövlətləri üçün Ermənistan sadəcə bir alətdir.

Çox təəssüf ki, Paşinyan hələ də sülhü imitasiya etməyə davam edir. Ümumiyyətlə, onun verdiyi bəyanatları ardıcıl olaraq təhlil etdikdə aydın şəkildə müşahidə etmək olur ki, Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətində revanşist əhval-ruhiyyə tamamilə yox olmayıb. Müəyyən platformalarda sülhə hazır olan “humanist erməni” obrazı yaratmaq məqsədilə sülh çağırışları edilsə də, sülhün əsas şərtlərindən yayınmaq üçün bütün vasitələrdən istifadə edilir. COP29 ərəfəsində natamam sülh müqaviləsinin imzalanması cəhdləri də buna bariz nümunədir. Ona görə də, düşünürəm ki, sülh danışıqları ikitərəfli formatda davam etdirilməsə 3 və ya 4-cü tərəflərin müdaxiləsi ilə proses Ermənistanın maraqlarını təmin edərək vaxt qazanmağı daha çox hədəfləyir. Hər bir halda COP29-a qədər sülh müqaviləsinin imzalanmasının qeyri-mümkün olduğunu açıq şəkildə ifadə edə bilərik”.