"Təhsilə və işə fasilə verilməsinə ehtiyac yoxdur" - EKSPERT RƏYLƏRİ

23 Oktyabr 2024 11:30 (UTC+04:00)

Məlum olduğu kimi, oktyabrın 21-də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensiv olub. Oktyabrın 21-i gündüzdən 22-si səhərədək düşən yağıntının miqdarı Binədə 86 millimetr (aylıq normanın 306 faizi), Maştağada 60 millimetr (aylıq normanın 150 faizi), Pirallahıda 47 millimetr (aylıq normanın 197 faizi), Çilov adasında 37 millimetr (aylıq normanın 159 faizi), Bakıda 32 millimetr (aylıq normanın 114 faizi), Sumqayıtda isə 14 millimetr (aylıq normanın 52 faizini) təşkil edib. Bu günlərdə müşahidə olunan yağıntının miqdarı aylıq normanın 3,5 misli qədər olub ki, bu da Bakıda və Abşeron yarımadasında indiyədək misli görünməyən intensivlik deməkdir.

Xatırladaq ki, bundan əvvəl intensivliyinə görə ən güclü yağışlar 2019-cu il sentyabrın 3-də qeydə alınıb. Belə ki, həmin gün Sumqayıtda 27 millimetr (aylıq normanın 100 faizi), Bakıda 18 millimetr (aylıq normanın 64 faizi), Maştağada 12 millimetr (aylıq normanın 30 faizi) yağıntı düşüb.

Bəs, belə güclü yağışlar səbəbindən təhsilə və işə fasilə verilməlidir? SİA mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Sosioloq Əhməd Qəşəmoğlu: “Məlumdur ki, yağıntılar bir çox yerlərdə fəsad verdi. Düşünürən ki, qısa zaman üçün təhsilə fasilə verib yenidən onu bərpa etmək çətinlik yaradar.

Təbii ki, yağıntılar hansı yerlərdə ki fövqəladə vəziyyət yaradıbsa, orada təhsilə fasilə verilə bilər. Amma ümumilikdə bpyük miqyasda fasiləyə indi vaxtda ehtiyac yoxdur”.

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov: “Mən düşünmürəm ki, yağıntılarla bağlı təhsilə və işə fasilə verilməsinə ehtiyac var. Zatən yağıntılar qısamüddətlidir və artıq bitib.

Bu gün belə zərurətin olması lazım deyil”.

Ayşən Vəli