Bəzi küçələrdə işıqforun yaşıl işığının müddəti artırılıb

23 Oktyabr 2024 11:18 (UTC+04:00)

Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti və ləngimənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə əməkdaşlar tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan svetoforun iş rejimi dəyişdirilib. Yəni Cəfər Xəndan küçəsindən düzünə və sola hərəkət edən nəqliyyat vasitələri üçün svetoforun təkrarlayıcısında yaşıl işığın müddəti 10 saniyə artırılıb. Bununla da Cəfər Xəndan küçəsindən kəsişməyə daxil olan sürücülərin burada əlavə vaxt itirməsinin qarşısı alınıb. Edilən dəyişiklik müsbət nəticə verib və nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.