"Məktub Amerikanın gərəksiz, faydasız balans siyasətini ortaya qoyur" - ŞƏRH EDİLDİ

23 Oktyabr 2024 10:38 (UTC+04:00)

"ABŞ Prezidenti Cozef Baydenin xüsusi köməkçisini Bakıya göndərməsi və Azərbaycan Prezidentinə məktub yazması diqqət çəkən hadisədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, bu, ilk növbədə son vaxtlar Amerikanın Ermənistana verdiyi hərbi-siyasi, diplomatik dəstəyin Azərbaycanda doğurduğu əsaslı narahatlıqla bağlıdır: "Amerika Ermənistana birtərəfli qaydada hərbi-siyasi, diplomatik dəstəyi gücləndirməsinin Azərbaycanı necə narahat və narazı saldığının fərqindədir. Baydenin köməkçisinin səfəri və gətirdiyi məktub da birinci növbədə Azərbaycanın bu narazılıq və narahatlıqlarını aradan qaldırmağa xidmət edir. Ancaq Azərbaycanın narazılıq və narahatlıqlarının ciddi əsası var. Çünki Amerika Ermənistanla bizim aramızda hələ sülh atmosferinin rəsmi şəkildə əldə edilmədiyi şəraitdə Ermənistanın mövqeyini gücləndirir. Bu da yolverilməzdir. Digər tərəfdən diqqət çəkən odur ki, Bayden Azərbaycan Prezidentinə və Ermənistanın Baş nazirinə yüzdə yüz eyni məzmunda məktub göndərib. Çox maraqlı faktdır. Baydenin belə addımı hansı məqsədlə atdığı barədə tam qətiyyətli fikir söyləmək çətindir. Amma ən real ehtimallardan biri bundan ibarətdir ki, Amerika bununla Azərbaycana və Ermənistana, guya, eyni ölçüdə və eyni səviyyədə balanslı şəkildə yanaşdığını nümayiş etdirmək istəyir. Amma çox təəssüflər olsun ki, biz Qərbin, o cümlədən Amerikanın Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildəki qərəzsiz balans yaratma siyasətini hələ də görməkdəyik.

Bu məktub məsələsi Amerikanın gərəksiz, faydasız balans siyasətini bir daha ortaya qoyur. Əvvəlcə, məktubda ifadə olunan bir fikir bunu sübut edir. Amerika Prezidenti belə bir mövqedədir ki, sülh sazişinin bu günə qədər razılaşdırılmamış maddələrinə münasibətdə hər iki tərəf kompromislərə getməlidir. Bu, indiki şəraitdə Azərbaycanın və Ermənistanın sülh sazişinin bağlanması məsələsində rolunu lüzumsuz şəkildə balanslaşdırmaq cəhdidir ki, bunun heç bir faydası ola bilməz. Çünki Azərbaycanın müəyyən etdiyi sülh sazişinin imzalanması üçün vacib saydığı və Ermənistanın bu günə qədər razılaşmaq istəmədiyi maddələr prinsipial maddələrdir. Uzun müddətli sülh üçün çox böyük önəmə malikdir".

"Ermənistan Azərbaycanın konstitusiyanı dəyişdirmək, ATƏT-in Minsk qrupundan rəsmi qaydada imtina etmək kimi şərtlərinə əməl etməsə, bu şəraitdə sülh sazişinin imzalanması mümkünsüzdür. Hətta mümkün olsa belə, uzun müddətli sabitliyə və sülhə təminat verə bilməz. Halbuki, Amerika Prezidenti məhz bu maddələrlə bağlı Azərbaycanı çox anlaşılmaz və müəmmalı şəkildə kompromislərə səsləyir. Ermənistanın kompromisinin isə nədən ibarət olacağı Baydenin məktublarında özünü, təəssüf ki, aydın şəkildə göstərmir. Eyni zamanda Baydenin bu sazişinin Azərbaycanın suverenliyini bu sazişlə əlaqələndirməsi də fikrimcə, mübahisəli mövqedir, çünki Ermənistanla sazişin imzalanıb-imzalanmamasının Azərbaycanın suverenliyinə heç bir əlaqəsi yoxdur. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü artıq təmin edib, torpaqları azad edilib. BMT-nin qəbul etdiyi, tanıdığı çərçivədə Azərbaycan öz suveren dövlət hüquqlarını bərpa edib. Belə bir şəraitdə suverenliyin Ermənistanla hər hansı sazişdən asılı vəziyyətə salınması, məncə, düzgün yanaşma deyil. Təəssüf ki, Baydenin məktubunda bu da yer alır. Amma Baydenin indiki şəraitdə Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ilə bağlı belə bir jest etməsi maraqlı hadisədir. Ancaq bunun arxasında biz Amerikanın sülh prosesinə həqiqətən dəstək vermək addımlarını görmək istəyərdik. Bunu isə gələcəkdə görüb-görməyəcəyimiz gələcəyin işidir" - deyə o, əlavə edib.